Havaya Normadan Artıq Tullantı Atan Obyektlər Cərimələnib

Tarix: 21:49 08.05.2025
Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib. Bəzi obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Bu məsələ ilə bağlı "Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, şəhərlərin böyüməsi, yeni yaşayış massivlərinin salınması, yaşıllıqların məhvinə paralel gedir:
“Elmi-texniki tərəqqi insan həyatını asanlaşdıran yeniliklər gətirib. Kəşf edilən yeni texnologiyalar insanlığa və onun inkişafına xidmət edib. Lakin elmi-texniki tərəqqinin zərərləri də var və bu ziyanı daha çox təbiət çəkir.
Məsələn, son 50 ildə dünya əhalisi xeyli artıb və 8 milyardı keçib. BMT-nin hesablamalarına görə, 2024-cü ildə bu rəqəm 10 milyarda çatacaq. Əhalinin artması sənayenin və kənd təsərrüfatının genişlənməsini şərtləndirir. Bu proseslər, xüsusən aqrar sektorun genişlənməsi, meşə sahələrinin azalması hesabına baş verir.
Sənaye müəssisələrinin artması atmosferə atılan istixana qazlarının miqdarını artırır. Şəhərlərin böyüməsi, yeni yaşayış massivlərinin salınması yaşıllıqların məhvinə səbəb olur.
Təbiət fəlakətləri — zəlzələ, sunami, vulkan püskürməsi də havanın çirklənməsinə təsir edir. Hər hansı bir vulkan püskürəndə havaya külli miqdarda karbon dioksid atılır. İldırım çaxması nəticəsində əmələ gələn yüksək temperatur meşə yanğınlarına səbəb olur və bu da havanı çirkləndirir.
Azərbaycanın iri sənaye şəhərlərində hava çirkliliyinin əsas səbəbi antropogen amillərdir. Bakı və digər iri şəhərlərdə atmosferin çirklənməsi sənaye müəssisələrinin fəaliyyəti və daha çox nəqliyyat vasitələrinin sıxlığı ilə əlaqəlidir.
Ötən əsrin 70-ci illərində Bakı, Sumqayıt və Gəncədə atmosferi çirkləndirən əsas mənbələr sənaye müəssisələri idi. Lakin hazırda hava çirkliliyinə səbəb olan əsas amil daxiliyanma mühərriki ilə hərəkət edən nəqliyyat vasitələridir.
Statistik məlumatlara görə, 2005-ci ildə sənayedən olan tullantılar 53 faiz, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, hazırda nəqliyyatın payına düşən tullantı həcmi 80 faizə yaxındır. Bu çirkləndiricilər əsasən azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər zərərli maddələrdir.
Əksər sənaye müəssisələri tullantıları atmosferə ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atır. Bu da həmin maddələrin atmosferdə daha tez səpələnməsinə imkan yaradır".
Müsahibimizin sözlərinə görə, nəqliyyat vasitələrinin atdığı tullantılar isə insanın birbaşa nəfəs aldığı təbəqəyə daxil olur:
" “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra Bakı şəhərində məişət tullantılarının idarə olunması ilə bağlı irəliləyişlər var. Əvvəllər məişət tullantıları yandırılır və atmosferə çoxlu miqdarda zərərli qazlar atılırdı.
Bununla belə, bəzi regionlarda vəziyyət hələ də dözülməz olaraq qalır. Çox zaman məişət tullantıları çay yataqlarına atılır və şəhərlərin mərkəzində belə yandırılır. Bunun qarşısı alınmalı, məişət tullantılarının toplanması və çeşidlənməsini həyata keçirən qurumlar yaradılmalıdır.
Son vaxtlar havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektlərinin cərimələndiyinin şahidi oluruq. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə bu qaydaları pozanlar haqqında cəzalar nəzərdə tutulub.
Cərimələr çəkindirici amildir. Ancaq yaxşı olar ki, ictimai şüurda dəyişiklik baş versin. Bunun üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinə ehtiyac var".
Xədicə Məhərrəmli