Dağıdıcı işğalın astanasında: "Hədəf Bakıdır" filmi

Tarix: 22:15 08.05.2025
İkinci Dünya müharibəsi insanlığın yaddaşında sağalmaz izlər qoyan, qanlı illərdən ibarət bir dövrdür. Bu böyük fəlakətin içində Azərbaycanın, xüsusilə də Bakının adı xüsusi çəkilir. Dünya imperiyalarının taleyini həll edən savaşın gizli mərkəzlərindən biri məhz bu torpaq oldu.
Rejissor Robert Maqnerotun ekranlaşdırdığı “Hədəf Bakıdır” sənədli filmi Azərbaycanın həmin illərdə tarix səhnəsində oynadığı əvəzsiz rolu aydın şəkildə nümayiş etdirir.
Film bizi birbaşa XX əsrin ortalarına – od-alovun içərisinə aparır. Bakının “qara qızılı” – nefti, dönəmin ən böyük müharibəsində orduların təkərini fırladan, təyyarələri havaya qaldıran, tankları irəli sürən əsas qüvvəyə çevrildi. Sovet İttifaqı üçün həyati əhəmiyyət daşıyan bu enerji mənbəyinin böyük hissəsi Azərbaycandan gəlirdi. Bu torpaqlar, sanki müharibənin nəfəs aldığı ürəyə çevrildi.
Hitler də bu həyati damarı qoparmaq istəyirdi. 1942-ci ildə “Edelweiss” əməliyyatı başladıldı. Qafqazın sıldırım zirvələri aşılmalı, Bakı fəth edilməli idi. Neftsiz qalan Sovet ordusu zəifləyəcək, Avropanın müqaviməti sarsılacaqdı. Lakin Qafqaz dağları, Azərbaycan xalqının iradəsi, ön cəbhə və arxa cəbhədəki fədakarlıq Hitler üçün aşılmaz səddə çevrildi.
Filmdə təqdim olunan nadir kadrlar sanki zamanın tozunu silkələyir. Rəngli formatda bərpa olunan görüntülər bizi o dövrlərin ruhuna daha dərindən aparır. Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn bu ekran əsəri yalnız faktların toplusu deyil, həm də bir xalqa xas olan qürurun, zəhmətin və mübarizənin portretidir.
Film göstərir ki, müharibə təkcə səngərlərdə deyil, zavodlarda, fabriklərdə, neft buruqlarında da qazanılır. Bakının neftçiləri və mühəndisləri gecə-gündüz çalışaraq yanacaq hasil edir, cəbhənin ehtiyacını ödəyirdilər. Tankların zirehi, təyyarələrin qanadları, top mərmilərinin atəşi – hamısı Bakıdan gələn qara qızılın gücünü daşıyırdı.
Hitlerin Bakını ələ keçirmək arzusu, Stalinqradın buz kimi sərt küçələrində və Qafqazın şaxtalı dağlarında əriyib yoxa çıxdı. Alman ordusu yanacaq çatışmazlığından tənəzzül etdi, hücum xəritələri isə əllərində qaldı. Tarix bir daha sübut etdi ki, yalnız silahın gücü deyil, həm də iradə və zəhmət qələbəyə aparan əsas yoldur.
“Hədəf Bakıdır” sənədli filmi Azərbaycanın müharibə dövründə dünya tarixinə bəxş etdiyi töhfəni unudulmaz şəkildə təqdim edir.
Hər kadrda bir xalqın əzmi, hər səhnədə fədakarlıq görünür. Film sadəcə tarixi xatırlatmır, həm də gələcək nəsillərə mühüm mesaj ötürür: sərvət yalnız zənginlik deyil, bəzən azadlıq və həyat uğrunda verilən ən böyük mübarizəyə çevrilə bilər.
Azərbaycanın o illərdə dünyanı qaranlıqdan xilas edən bu böyük missiyası bir daha göz önünə gəlir. “Hədəf Bakıdır” – bir tarix dərsi, bir qəhrəmanlıq salnaməsi və bir xalqın şərəf dastanıdır.
Nigar Həsənzadə