Azərbaycanda elektron xəstəlik vərəqəsinə keçid

Tarix: 22:56 08.05.2025
Azərbaycanda xəstəlik vərəqləri artıq kağız deyil, elektron formada təqdim olunacaq. Yeni sistem həkim, işçi və işəgötürən arasında məlumat mübadiləsini avtomatlaşdıraraq saxtakarlığın qarşısını alacaq, iş prosesini sürətləndirəcək.
Elektron xəstəlik vərəqəsi işçi, işəgötürən və həkim üçün hansı hüquqi nəticələr doğuracaq, işçilər onu necə izləyə və təsdiqləyə biləcəklər, həmçinin bu sistem saxtakarlıqla mübarizədə necə təsir göstərəcək?
Mövzu ilə bağlı mətbuat katibi Elvin Hacıyev "İnformator.az"a bildirib ki, elektron xəstəlik vərəqəsi kağız daşıyıcılardakı analoji sənədlərlə eyni hüquqi qüvvəyə malikdir:
"Sözügedən sənəd “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə rəqəmsal formada tərtib olunur və “Sima” hüquqi imza ilə imzalanaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq alt sisteminə inteqrasiya edilir.
“Sima” ilə təsdiqlənmiş elektron vərəqələr hüquqi baxımdan rəsmi sənəd statusu daşıyır və əmək münasibətlərində, analıq məzuniyyətinin rəsmiləşdirilməsində, sığortaolunan şəxslərin müvəqqəti əmək qabiliyyətini itirməsi ilə əlaqədar müavinətlərin hesablanmasında, habelə digər hüquqi prosedurlarda tam hüquqi əsas kimi qəbul edilir. Elektron sistemin real vaxt rejimində məlumat mübadiləsinin təmin etməsi şəffaflıq və hüquqi məsuliyyətin səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
İşəgötürənlər elektron xəstəlik vərəqələrinə DSMF-nin “Əmək Münasibətləri və Məşğulluq Altsistemi” (ƏMAS), tibb müəssisələrinin müvafiq əməkdaşları isə VSİS vasitəsilə çıxış əldə edə bilirlər. Elektron xəstəlik vərəqəsi işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən işdə olmamasını təsdiq edən və bu dövrdə müavinətin hesablanmasına əsas yaradan hüquqi sənəddir".
Ekspert bildirib ki, işçilər elektron xəstəlik vərəqələrini Səhiyyə Nazirliyinin rəsmi platforması olan www.e-health.gov.az internet portalı üzərindən şəxsi kabinetlərinə daxil olmaqla izləyə bilərlər “Xəstəlik vərəqələrim” bölməsi vasitəsilə sənədlərə baxış imkanı təqdim olunur:
"Vərəqələrin işçi tərəfindən ayrıca təsdiqlənməsi və ya fiziki formada təqdim olunmasına ehtiyac yoxdur. Rəqəmsal autentifikasiya prosesi “Digital Login” vasitəsilə həyata keçirilir və məlumatların aidiyyəti üzrə ötürülməsi sistem tərəfindən avtomatik qaydada təmin olunur. Bu yanaşma sənəd dövriyyəsində operativliyi artırmaqla yanaşı, inzibati yükü də azaldır.
Elektron xəstəlik vərəqəsi sistemi məlumatların tibb müəssisələri ilə DSMF arasında mərkəzləşdirilmiş və avtomatlaşdırılmış şəkildə mübadiləsinə imkan yaradır ki, bu da sənəd saxtakarlığının və digər sui-istifadə hallarının qarşısının alınmasında mühüm rol oynayır.
Ənənəvi kağız formatlı vərəqələrdən fərqli olaraq, elektron sistemdə məlumatların dəyişdirilməsi və ya təhrif olunması riski minimum səviyyəyə endirilmişdir. Sistemdə hər bir əməliyyatın rəqəmsal izləri saxlanılır ki, bu da nəzarət və hesabatlılıq imkanlarını genişləndirir. Bu yanaşma həm tibbi, həm də sosial təminat sahəsində şəffaflığı təmin edir və hüquqi pozuntuların qarşısını almağa xidmət edir".
Türkan Kərimli