Qızılca: Vaxtında Peyvənd Həyat Qurtarır

Bölmə: Sosial › ,
Tarix: 22:34 12.05.2025

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.

Ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir.

 

Bu məsələ ilə bağlı professor Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, son illərdə bir çox infeksion xəstəliklərin səbəb olduğu uşaq ölümlərinin qarşısının alınması məhz vaxtında aparılan vaksinasiyanın nəticəsidir:

 

"Hazırda Azərbaycanda epidemioloji vəziyyət nisbətən sabit hesab oluna bilər. Lakin uzun müddət ərzində milli peyvənd təqviminə uyğun olaraq aktiv və ya passiv immunizasiyanın vaxtında aparılmaması müxtəlif infeksion xəstəliklərin yenidən alovlanmasına səbəb olub. Bu günlərdə qızılca xəstəliyinin geniş yayılması da məhz bu amillərlə izah olunur. Təəssüf ki, bir çox valideynlər övladlarını bilərəkdən peyvənddən yayındırıblar və bu hal kütləvi xarakter almağa başlayıb.

 

Son illərdə infeksion xəstəliklərin səbəb olduğu uşaq ölümlərinin qarşısının alınması vaxtında aparılan vaksinasiyanın nəticəsidir. Bu səbəbdən də uşaqlara 10–11 yaşına qədər peyvəndlər mütləq şəkildə müəyyən olunmuş qrafik üzrə vurulmalıdır. Valideynlər bu məsələyə biganə yanaşmamalıdırlar.

 

Unutmaq olmaz ki, bir şəxsin vaksinsiz və immunitetə malik olmadan qalması həm onun özü, həm də cəmiyyət üçün ciddi təhlükə yarada bilər. Ona görə də peyvəndlərin vaxtında vurulmasına və vaksinasiya kitabçasında düzgün qeyd olunmasına diqqət yetirilməlidir. Əgər uşağın sağlamlığı ilə bağlı hər hansı bir problem varsa, mütləq həkimə müraciət edilməlidir.

 

Təəssüf ki, ölkəmizdə vaksinasiyaya qarşı müəyyən müqavimət mövcuddur. Dünya Səhiyyə Təşkilatı vaksinlərə etimadsızlığı insan sağlamlığını təhdid edən on əsas amildən biri kimi qeyd edir. Bu vəziyyət pandemiya dövründə də özünü açıq şəkildə göstərib və bu düşüncə cəmiyyətin bir hissəsində hələ də qalmaqdadır. Nəticədə bu cür yanaşmalar ciddi ictimai səhiyyə problemlərinə yol açır.

 

İnfeksion xəstəliklərin qarşısının alınmasının ən optimal yolu aktiv və ya passiv immunizasiyanın vaxtında və düzgün şəkildə həyata keçirilməsidir".

 

Xədicə Məhərrəmli