Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan 102-ci hərbi bazanı bağlayacaq?

Bölmə: Siyasət › ,
Tarix: 15:09 17.05.2025

"Bəzi məlumatlara görə, Ermənistan ilə Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin mətnində Ermənistanın ərazisində hər hansı digər dövlətin hərbi bazasının yerləşdirilə bilməyəcəyi ilə bağlı ifadələr yer alıb. Bu isə o deməkdir ki, ölkələrarası saziş imzalandıqdan sonra Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ölkə ərazisindən çıxarılmalıdır".

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır. Məqalədə qeyd olunur ki, 1995-ci ildə Ermənistan və Rusiya arasında imzalanan dövlətlərarası sazişə əsasən Gümrüdə yaradılan hərbi bazanın çıxarılmasının necə reallaşdırılacağı hələ də qeyri-müəyyəndir.

 

Həmin saziş ilkin olaraq 25 il müddətinə imzalanıb. 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı sazişin müddəti əlavə 49 il uzadılaraq 2044-cü ilə qədər qüvvədə saxlanılıb. Bununla belə, əldə olunan məlumatlara əsasən, saziş layihəsində belə bir müddəanın yer alması Rusiya hakimiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Məhz bu səbəbdən Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 mayda Moskvada soyuq münasibətlə qarşılandığı və Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutmadığı bildirilir. İkigünlük Moskva səfəri zamanı Paşinyan nə Putinlə, nə də tədbirdə iştirak edən digər ölkə liderləri ilə ikitərəfli görüş keçirə bilib.

 

Qəzet yazır ki, səfərdən əvvəl tənqidlərə cavab verən Paşinyan bu səfərin əsas məqsədlərindən birinin məhz Rusiya prezidenti ilə görüş olduğunu bildirmişdi. Qeyd edək ki, həmin gün Vladimir Putin Moskvaya gələn əksər dövlət başçıları ilə ayrıca görüşlər keçirib.