Ziddiyətlərdən doğan şəxsiyyət

Tarix: 19:20 23.05.2025
Bəzən elə insanlar olur ki, onların həyatı bir ideala bağlanır. Onlar bu yolda nə şöhrət qazanmaq, nə də rahatlıq axtarışında olmurlar. Bu insanlar da zamanla yanılır, səhv edir və ya haqsızlığa məruz qala bilirlər. Fikrimcə, Nərimanov məhz bu insanlardandır. O, bir inanca inanırdı və inancının Azərbaycanın sabahı üçün parlaq gələcək olacağına ürəkdən əmin idi.
Nəriman Nərimanov Azərbaycan ziyalısını tarixin müdrik və sarsılmaz qanunlarına əməl etməli olduğunu deyirdi. Buna baxmayaraq Nərimanovla bağlı bir çox absurd fikirlər hələ də mövcud olmaqdadır. Nərimanov Nəriman Nəcəf oğlu 1870-ci il aprelin 14-də Tiflisin məşhur Şeytanbazar məhəlləsində anadan olub. Siyasi fəaliyyətə Odessada tələbə hərəkatında başlayıb. Çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıdıb, sosial-demokrat "Hümmət” təşkilatına daxil olub, lakin M.Ə.Rəsulzadə ilə fikir ayrılığına görə yolları ayrılır. Daha sonra İran sosial-demokrat partiyasını yaradıb və 1909-cu ildə bununla əlaqədar olaraq Tiflisdə həbs olunmuşdur. 6 ay həbsdə qaldıqdan sonra azadlığa çıxıb və həkimlik fəaliyyəti aparıb. Nərimanovun bolşevik fəaliyyəti danılmaz faktdır, lakin onu Ayna Sultanova, Həmid Sultanov və Əliheydər Qarayevlə bir sapa düzmək nə dərəcə doğrudur. Bu şəxslər bolşevik dövləti qurmaq üçün öz həmvətənlərini satmış, sapı özümüzdən olan baltalardır. Ümumiyyətlə, Nəriman Nərimanovun publisist və maarifçi kimi şəxsiyyəti yox, onun Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri kimi fəaliyyəti haqqında fikirlər daha çox müzakirələrə səbəb olur. Bəziləri Nərimanovu Azərbaycana xəyanət etməkdə və respublikanın bolşeviklər tərəfindən işğal olunmasına kömək etməkdə günahlandırırlar, digərləri isə bu hərəkətləri sosialist ideallarına səmimi inamla əsaslandırırlar. Onun çoxlu sayda tərəfdarı və əleyhdarı mövcuddur.
Tarixi ziddiyətlər
Bir tərəfdən, Nəriman Nərimanovun üzərinə AXC-yə qarşı mübarizə üçün siyasi məsuliyyət düşür. Digər tərəfdən, onun məqsədləri Azərbaycan Xalq Cümhuriyyəti üçün tərəqqi, azadlığa nail olmaq idi. Sadəcə, bu vahid məqsədə nail olmaq üçün yollar müxtəlif idi. Məhz Nərimanov amili digər torpaqların (Qarabağ, Naxçıvan, Zaqatala) köçürülməsinin qarşısının alınmasında , həqiqətən də , böyük rol oynayıb. Nərimanov gec-tez başa düşdü ki, bolşevik ideyalarının arxasında da həmin imperiya siyasəti dayanır. Sovet hakimiyyəti də öz ideyası etibarı ilə çar Rusiyasıdır. Nərimanova qarşı formalaşan kəskin fikirlər, onun ailə həyatı ilə bağlı da səsləndirilir.
Tarixçi-alim Firdovsiyyə Əhmədovanın fikirlərinə nəzər salsaq, Nərimanovun ailəsi üçün nə qədər əziyyət çəkdiyinin şahidi olarıq. Ailəsinə qarşı qayğıkeş olan bir insan öz millətinə mi xəyanət edər? Bəli, Nərimanov qardaşı rəhmətə getdikdən sonra onun ailəsinə baxıb və bu səbəbdən gec yaşlarında ailə həyatı qurub, daima qardaşı övladlarına yardım edib.
Tədqiqatçı Ədalət Tahirzadə Nərimanova bir yazıçı olaraq böyük rəğbət bəslədiyini bildirsə də, ona siyasətçi kimi Rusiyanın tələbəsi deyirdi: “Təəssüf ki, yazıçı Nəriman Nərimanov 1918-ci ildə qurtardı. Bundan sonra siyasətçi Nəriman Nərimanov dövrü başlayır. Siyasətçi Nərimanov 1918-ci ildə artıq Rusiyanın tələbəsiydi. 1918-ci ildə Azərbaycanda Şaumyan hakimiyyəti var idi. Bu hakimiyyətin nazirlərindən biri də Nəriman Nərimanov idi. Bu adam həmin qırğınları törədən Şaumyanın silahdaşı idi”.
Lakin Leninə məktubunu oxuyan hər kəs bilir ki, o, Leninə bir qul kimi yox, ona inanan , amma inancı boşa çıxan bir xalq ziyalısı kimi yazırdı: “həmişə Denikini müdafiə edən Ermənistan müstəqillik qazanan və üstəlik də , Azərbaycanın ərazilərini alıb. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə edib. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılan Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu, kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?”.Bu fikirləri söyləyən birinin Azərbaycana qarşı, onun məhvinə qarşı siyasət yürüdəcəyini düşünmək nə dərəcə doğrudur?
Yazıçı-publisist Həmid Herisçinin sözlərinə görə, N.Nərimanov zamanına uyğun siyasət yürüdürdü, SSRİ-nin tərkibində olsa belə, Azərbaycanın bir dövlət kimi saxlanılmasına nail oldu: “Məhəmməd Əmin Rəsulzadə öz dövründə yox, 1991-ci ildə yaşayırdı sanki... O, romantik idi, realist insan deyildi. Ancaq Nərimanov 1920-ci ilin tələbləri ilə düşünürdü, yaşayırdı. O, realist idi. Həmin dövrdə Azərbaycan ancaq Sovet Sosialist Respublikası şəklində mövcud ola bilərdi” , - deyirdi.
Qeyd edim ki, biz Şərqdə təkcə ilk demokratik ölkə deyilik, eyni zamanda ilk sosialist respublikasıyıq. M.Ə.Rəsulzadə modeli də, N.Nərimanov modeli də Şərqdə ilkdir. 1920-ci ildə insanların istəyi milli mücadilə deyildi, sosial ədalət idi. Ona görə də N.Nərimanovun siyasəti dövrün tələbləri ilə səsləşdi. Başa düşdü ki, Azərbaycan o zaman demokratik respublika kimi deyil, ancaq Sovet Sosialist Respublikası kimi var ola bilər. Məhz bu səbəblərdən bir vaxtlar həmkar olduğu Rəsulzadə ilə siyasi fikir ayrılığı səbəbindən yolları ayrıldı. 1920-ci ildə Nəriman Nərimanovun rəhbərliyi ilə Bakıda Şərq Xalqlarının I Qurultayı çağırıldı. Orada Azərbaycan Şərq siyasətinin ən öndə gedən modeli kimi təqdim olundu. “Şərqin qapısı” adlandırıldı.
Zəngəzur və Naxçıvan məsələsi
Nərimanov, həqiqətən də, 1920-ci ildə “Bu gündən etibarən Zəngəzur və Naxçıvan sovet Ermənistanının bir parçasıdır. Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratlarını özləri təyin etmək haqqı verildi. Azərbaycanın nefti və qazı iki ölkənin ortaq malıdır” ifadəsini işlədib. Bu ifadənin səsləndirilməsinin əsas səbəbi o zaman Ermənistanda Türkiyə-Azərbaycan-RSFSR ittifaqı yaradılıb ki, burada bolşevik hökuməti qurulsun. Daşnak hökumətinin bazasının zəiflətmək məqsədilə bu açıqlama verilib. İnqilabdan dərhal sonra isə Nərimanov səsləndirdiyi fikirlərdən imtina etdi, yəni bu, sadəcə, siyasi vasitə idi. Elə o imtina etdikdən sonra 1921-ci ildə Ermənistanda daşnak üsyanı başlayıb. Yəni o, Zəngəzur, Naxçıvan, Qarabağ və Zaqatala məsələlərində prinsipial mövqedə olub. Zəngəzurun itirilməsində Nəriman Nərimanovu ittiham etmək əsassız məsələdir. O, Serqo Orconikidze və RSFSR-dən olan başqa nümayəndələr Zəngəzurun Azərbaycanın tərkibində saxlanılmasının tərəfdarı idilər. Sadəcə olaraq 1921-ci ildə Qaregin Njdenin Zəngəzurda bolşevik hakimiyyətini devirməsindən sonra orada Dağlı Ermənistan Respublikası adlı hökumət quruldu. O respublika hətta indiki Laçını, Hadrutun cənubunu əhatə edirdi. Qızıl Ordu oranı geri qaytardıqdan sonra bir daha üsyana imkan verməmək üçün ərazini azərbaycanlılar və ermənilər yaşayan ərazilər olaraq iki yerə bölündü. Qafan, Gorus, Meğri ermənilərdə, Qubadlı, Laçın və Kəlbəcərin olduğu hissə isə Azərbaycanda qaldı. Zəngəzurda ermənilər və müsəlmanlardan ibarət iki milli komitə olub. Müsəlman Milli Komitəsi Qubadlının Dondarlı kəndində, ermənilərinki isə Gorusda yerləşirdi. Buna görə də Nərimanovu Zəngəzurun itirilməsində günahlandırmaq ağlasığmazdır. Bununla bağlı heç bir sənəd də yoxdur.
XI Qızıl Ordunun Azərbaycana hücumunda Nəriman Nərimanova diqqəti cəlb edən məqam "Rusiyada kapitalist və torpaq sahibləri ilə üz-üzə qalan Qırmızı Ordu Müsavat hökumətinin zülmündən bezən fəhlə və kəndlilərin dəvəti ilə Azərbaycana gəlib. O, bu qəddar hakimiyyəti devirmək üçün gəlib və ordu Azərbaycanı ya başqa bir dövləti ələ keçirmək niyyətində deyil”.
Əslində, Qırmızı ordu Bakıya soxularaq Milli Hökuməti devirmiş, Azərbaycan dövlətçiliyinə son qoyub, insanları güllələyib , böyük repressiyalar edib və torpaqlarımızı alaraq ermənilərə verib. Milli hökumətin devrilməsindən 3-4 il sonra Nəriman Nərimanov özü anladı ki, “vətəni düşmənlərə satıb". N.Nərimanovun Zəngəzur, Dağlıq Qarabağ, Naxçıvan torpaqlarının müdafiəsi ilə bağlı sonrakı fəaliyyətini isə Naxçıvan nəşri boş səy kimi qiymətləndirir , çünki “Azərbaycanın taleyi artıq azərbaycanlıların əlində deyil, buraya gələn bolşeviklərin əlində idi”.
Nərimanov 19 mart 1925-ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum , Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən".
60-cı illərdə Nərimanov az qala xalq düşməni, qatı millətçi, sağçı kimi damğalanıb, irsi qadağan edilmişdisə, sonra əksinə, Nərimanov görkəmli marksist, kommunist kimi təbliğ olunub. Bu faktın özü bir daha təsdiqləyir ki, Nərimanov irsinə qarşı münasibət siyasi kompaniyadan başqa bir şey olmayıb. Məhz bu işin arxasında duran şəxslər hakimiyyətdən getdikdən sonra Nərimanov irsi üzərinə qoyulan qadağalar aradan qalxıb, anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Lider Heydər Əliyev dahi şəxsiyyətin adına məruzə söyləyib.
Sonda isə fikirlərimi dahi şəxsiyyət, jurnalist və bəstəkar Üzeyir bəy Hacıbəylinin fikiri ilə yekunlaşdırmaq istəyirəm.
“Qurtuluş və istiqlalımız yolunda bizə bu dünyada cənnəti yaşadan insanların özlərini yad və ruhlarını şad etmək hər bir türkün müqəddəs borcudur”.
Nuranə Quliyeva