Kölgədə qalanlar: unudulmuş sənətkarlıq növləri

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:06 23.05.2025

Zəmanə dəyişir, texnologiya inkişaf edir, amma bu inkişafla birlikdə bəzi dəyərlər də arxa planda qalır. Ənənəvi sənətkarlıq növləri – xalçaçılıq, dulusçuluq, misgərlik, ağac oymaçılığı kimi sahələr bir vaxtlar gündəlik həyatın ayrılmaz hissəsi olsa da, bu gün unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənclər arasında bu sənətə maraq azalır, peşəkar ustaların sayı isə ildən-ilə azalır.

 

Mövzu ilə bağlı açıqlamasında sənətşünas Sədaqət Zaurqızı “İnformator.az”a bildirib ki, ənənəvi sənətkarlıq növləri bir xalqın yaddaşı, estetik baxış bucağı və həyat tərzinin əksidir:

 

“Lakin bu günki, sürətlə dəyişən texnoloji və istehlak yönümlü dünyada bu sənət növləri unudulmaq, yalnız muzey vitrinlərinə həbs olunmaq təhlükəsi ilə üz-üzədir. Halbuki ənənəvi sənətkarlığın yaşaması yalnız keçmişi qorumaq deyil, həm də onu bu günlə və gələcəklə danışdırmaq deməkdir.

 

Ənənəvi sənətkarlığın çağdaş dünyada yenidən aktuallaşması üçün iki əsas istiqamət önə çıxır: funksionallıq və estetik uyğunlaşma. Sənətkarlıq yalnız nostalji hisslərin daşıyıcısı yox, gündəlik həyatın bir parçası, istifadə olunan və sevilən obyektə çevrildikdə yaşamağa davam edə bilər. Həmçinin, ənənəvi sənətkarlığın funksional və müasir istifadəyə uyğunlaşdırılmış formada təqdim olunması da çox vacibdir.

 

Bu günki texnoloji dünyada insanlar bir tərəfdən sürətli istehsala və minimalizmə yönəlsələr də, digər tərəfdən mənəvi bağlar, lokal kimlik və tarixlə əlaqə qurmaq ehtiyacı hiss edirlər. Bu, əslində, ənənəvi sənətkarlıq üçün yeni imkanlar yaradır”.

 

 

Ekspert qeyd edib ki, ənənəvi sənət növlərinin aktuallaşması üçün ilk növbədə onların funksionallığı müasir həyat tərzinə uyğunlaşdırılmalıdır:

 

“Məsələn, bir vaxtlar məişətdə geniş istifadə olunan xalça məmulatları – düz qabı, xurcun, çul, heybə, qaşıqdan və s. – bu gün tamamilə sıradan çıxıb. Halbuki bu məmulatlar həm ekoloji cəhətdən təmizdir, həm də estetik baxımdan zəngindir. Biz onları müasir interyerə uyğun formada, funksiyasını qoruyaraq dizayn edə bilərik. 

 

 

Məsələn, xurcun və ya qaşıqdan müasir mətbəx dizaynına uyğunlaşdırılsa, gündəlik istifadə üçün istehsal olunsa, həm yerli ustalara iş imkanı yaradar, həm də milli mədəniyyətimizin yaşamasına təkan verər. Bu mənada “Azərxalça”nın fəaliyyəti önəmlidir.

 

Bu yaxınlarda keçirilmiş Xalça Festivalı da bir daha sübut etdi ki, xalq sənətinə maraq hələ də var – sadəcə, bu marağı düzgün istiqamətləndirmək, ona yeni nəfəs vermək lazımdır. Mənim özümün belə bir layihəm olmuşdu – “Qaşıqdan: Unudulmuş xalça məmulatlarını məişətimizə geri qaytaraq” adlı təşəbbüs. Layihə çərçivəsində unudulmuş xalça məmulatlarını, xüsusilə də qaşıqdanları günümüzə uyğunlaşdıraraq yenidən toxumaq və istifadəyə qaytarmaq məqsədi güdülürdü.

Faiq Əhməd Studiyasında bu layihəyə uyğun olaraq qaşıqdan nümunəsi də toxunmuşdur. Amma hələ ki, bu layihənin davamlılığı üçün müvafiq mühit yaradılmayıb, sistemli dəstək və bazar formalaşmayıb”.

 

 

 

Sədaqət Zaurqızının sözlərinə görə, xalça məmulatlarından başqa, vaxtilə Azərbaycanın demək olar ki, hər bölgəsində qadınların əsas məşğuliyyəti sayılan tikmə sənəti bu gün susmaq üzrədir:

 

“Onun ən möhtəşəm nümunələrindən biri olan zərduzluq – qızıl və gümüş saplarla aparılan incə naxışlı tikmələr – bir zamanlar kişi çapanlarından qadın araxçınlarına qədər müxtəlif geyim və əşyaları bəzəyirdi. Bu gün isə azsaylı ustaların əlində çətinliklə yaşamağa çalışır.

 

Halbuki bu sənətkarlıq növü müasir modaya inteqrasiya edilə bilər. Məsələn, minimal və avangard kəsimə malik geyimlərdə zərduzlu elementlər aksent kimi istifadə oluna bilər. Kiçik çantalar, baş örtükləri və hətta ayaqqabı detallarında bu tikmələr funksional və estetik birlik yarada bilər. Digər unudulmuş tikmə texnikaları – sırma, Buxara tikməsi, basma tikmə, əlləmə və qalın naxış – da müasir dizaynla sintez oluna bilər.

 

Qalın naxış elementlərini köynəklərin yaxasında, sırmanı səhnə geyimlərində, Buxara tikməsini festivallar üçün kapsul kolleksiyalarda, əlləməni isə interyer tekstilində bərpa etmək mümkündür. Bu sənətləri rəqəmsal mühitə daşımaq da vacibdir. 

 

Tikmələrin motivləri yüksək keyfiyyətli skanlar vasitəsilə rəqəmsallaşdırılıb dizayn proqramlarında tekstura kimi istifadə oluna bilər. AR (artırılmış reallıq) və 3D modelləşdirmə imkanları bu motivləri daha geniş auditoriyaya çatdırmaq, gənclər və dizaynerlər üçün interaktiv öyrənmə platformaları yaratmaq üçün böyük potensiala malikdir.

 

Bu prosesi təkcə “stil” səviyyəsində deyil, həm də dərin məna qatında aparmaq lazımdır. Məsələn, qədim naxışların rəqəmsal platformalarda istifadə olunması və ya tekstil dizaynında tətbiqi bu sənət nümunələrinə yeni həyat verir. Bu həm də o deməkdir ki, sənətkarlıq texnikaları texnologiya ilə birləşərək daha geniş auditoriyaya çata bilər”.

 

Beləliklə, sənət əsərləri sadəcə vitrinlərdə sərgilənən eksponatlar kimi deyil, gündəlik həyatın bir hissəsi kimi yaşayır. Bu yanaşma həm də yerli brendlərin fərqlilik yaratmasına, öz köklərinə bağlı qalararaq qlobal bazarda tanınmasına imkan yaradır.

 

Həmçinin texnoloji imkanlardan istifadə edərək virtual muzeylər, rəqəmsal arxivlər və interaktiv platformalar vasitəsilə bu sənət növlərini gənclərə tanıtmaq mümkündür. Hətta gənclərin marağını cəlb etmək üçün sosial şəbəkələrdə trendlər yaratmaq olar – “Bir məmulat, bir hekayə” kimi aksiyalar vasitəsilə.

 

Məktəblərdə və universitetlərdə sənətkarlıq dərslərinin təşviqi, peşə məktəblərinin yenidən canlandırılması və regionlarda ustad dərslərinin keçirilməsi bu sahəyə yeni nəfəs verə bilər. Ustadlar itdikcə, bu sənətlər də yaddaşdan silinməyə başlayır. Halbuki biz həm bu peşələrin davamçısını, həm də alıcısını yetişdirməliyik.

 

Ənənəvi sənət növlərinin müasir dizayn və dəbə inteqrasiyası üçün onların estetik kodları yenidən oxunmalı və çağdaş vizual dilə çevrilməlidir. Müasir dizayn və dəb ənənəvi sənətkarlıq üçün yeni bir nəfəsdir, amma bu nəfəsi verərkən orijinal formasına, estetik dilinə zərər verməmək vacibdir.

 

Dizayner Rüfət İsmayılın “Sumax” adlı kolleksiyasında bu yanaşmanı gördük – burada milli xalça elementləri müasir geyim dizaynına uğurla tətbiq olunub və beynəlxalq arenada tanınıb. Hətta məşhur dünya ulduzları belə bu kolleksiyadan geyim seçmişdir. Bu, onu göstərir ki, sənətə estetik və texniki yanaşma düzgün olduqda, o, sadəcə bir keçmiş yadigarı yox, müasir həyatın tərkib hissəsinə çevrilə bilir.

 

Bununla yanaşı, keramika və misgərlik məmulatları da ev interyerində accent piece kimi istifadə oluna bilər. Dulusçuluq nümunələri – küp, sürahi, qədim qab nümunələri – artıq vintage dekor kimi böyük maraq doğurur. Sadəcə, bu əşyaların orijinal ruhunu qoruyaraq yeni texnologiyalarla hazırlamaq, bəzən isə simvolik şəkildə təkrar emal edib təqdim etmək lazımdır.

 

Burada bir nüansı da vurğulamaq istərdim: hər hansı sənətkarlıq nümunəsini günümüzə tətbiq edəndə ona xələl gətirməmək vacibdir. Məsələn, milli geyim mədəniyyətimiz bu gün çox təhrifə uğrayıb. Halbuki bu geyimlər təkcə bir parçadan ibarət deyil – orada ipəkirmədən tutmuş zərgərlik, bədii tikmə, boyaqçılıq və digər sənət növləri birləşərək bütöv bir kimlik yaradır.

 

 

Sənətşünas deyir ki, “Məncə, artıq Azərbaycanda da “Milli Geyim Günü” elan olunmalıdır” :

 

 

“Necə ki, Xalça Festivalı iki ildir keçirilir, eləcə də milli geyimə həsr olunmuş festival keçirilməlidir. O gün hər kəs milli geyimdə olmalı və bu geyimlər müasir dövrə uyğunlaşdırılaraq gündəlik həyatın bir parçasına çevrilməlidir.


Lakin bu uyğunlaşdırma elə aparılmalıdır ki, geyimin tarixi forması, naxışı, hansı bölgəyə aid olduğu kimi nüanslara zərər verilməsin. Milli geyimin üzərindən bir elementi götürüb müasir geyimə əlavə etmək olar, amma tam əksinə – müasir elementləri milli geyimin özünə əlavə etmək olmaz. Çünki milli geyim artıq tarixi artefaktdır və ona zərər vermək onun genetik yaddaşını pozmaq deməkdir.

 

Digər bir maraqlı nümunə isə vaxtilə çox yayılmış, indi isə yoxa çıxmaq üzrə olan papaxçılıq sənətidir. Bu sənət birbaşa milli kimliyi ifadə edən elementlərdən biri kimi bu gün brend səviyyəsində yenidən doğula bilər. Papaqların forması və istifadə prinsipi dəyişdirilərək müasir gənclər arasında populyar olan street style və etnik üslub birləşdirilə bilər. Məsələn, ənənəvi papaq formaları bu gün caps və ya beanie kimi forma alaraq, amma material və ornament baxımından orijinala sadiq qalaraq yeni bir “millilik” trendi yarada bilər.

 

Dəri üzərində işləmə sənəti və qamışçılıq da eyni şəkildə handmade luxury çərçivəsində dirçəldilə bilər. Dəridən hazırlanan və naxışlanmış çantalar, kəmərlər və digər aksesuarlar bu gün yalnız bir neçə nüsxədə hazırlanan, fərdi dizayna sahib məhsullar kimi təqdim oluna bilər. Bu isə yerli sənətkarlıq ənənəsinin qorunmasına xidmət edər. Dəri üzərində işləmə və qamışçılıq kimi sənətlər “handmade luxury” kateqoriyasında yenidən doğula bilər. Fərdi dizayna malik, əl işi çantalar, kəmərlər, ev dekorları bu sahədə yerli sənətkarlar üçün iqtisadi imkanlar yaradar. Bu həm də Azərbaycanın dünya bazarında unikal brend kimi çıxış etməsinə şərait yaradar. Bazarda unikallığı ilə fərqlənən Azərbaycan brendlərinin yaranmasına təkan verər”.

 

 

Ekspert son olaraq qeyd edib ki, ənənəvi sənətkarlığın bugünkü texnoloji dünyada yenidən aktuallaşması həm mənəvi, həm də iqtisadi baxımdan olduqca vacibdir:

 

“Bu sənətlər xalq yaddaşının toxunulmaz qatlarıdır – onları yaşatmaq, əslində, mədəni yaddaşımızı qorumaq deməkdir. Çünki ənənəvi sənətkarlıq keçmişin izini daşımaqla bərabər, gələcəyin potensialını da özündə gizlədir. Onun yaşaması üçün muzeylərin divarları yetərli deyil – sənət gündəlik həyata, bazara, texnologiyaya daxil olmalıdır. 

 

Biz bu sənətləri yeni kontekstlərə salmaqla, funksional və estetik baxımdan yenidən qurmaqla onları yaşadırıq. Bu, sadəcə mədəni mirasın qorunması deyil – həm də iqtisadi, vizual və mənəvi bir dəyərin cəmiyyətə qazandırılmasıdır. Əgər bu sənət növlərinə düzgün yanaşma formalaşsa, onlar həm sənətkar üçün qazanc, həm cəmiyyət üçün kimlik və estetik zövq, həm də gənc nəsil üçün ilham qaynağına çevrilə bilər”.

 

 

Xəlilli Nigar