“Müasir dəb və milli geyimlərin inteqrasiyası”

Tarix: 21:20 23.05.2025
Müasir dövrdə geyim yalnız zövq göstəricisi deyil, həm də fərdin mədəni kimliyini və mənsubiyyətini əks etdirən vacib bir ünsürə çevrilib. Qloballaşma fonunda dəb daim yenilənir, lakin bu prosesdə milli geyim elementlərinin qorunaraq müasir tərzdə təqdim olunması cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Geyim mədəniyyətində bu vəhdətin yaradılması, həm milli irsin yaşadılması, həm də yerli dizaynerlərin orijinal yanaşmalarının formalaşması baxımından önəmlidir.
Mövzu ilə bağlı açıqlamasında sosioloq Lalə Mehralı "İnformator.az"-a bildirib ki,əslində, milli geyim elementlərinin müasir dəbdə əks olunması həm tarixə bağlılığı ifadə edir, həm də keçmişlə bu günün harmoniyasını yaratmaq imkanı verir:
“ Bu yanaşma genetik yaddaşımızı gündəlik həyatımıza daşımaq baxımından əhəmiyyətlidir. Lakin ölkəmizdə geyim istehsalının aşağı səviyyədə olması səbəbindən kütləvi istehsal zəifdir və nəticədə bazarda əsasən xarici məhsullar üstünlük təşkil edir. Milli elementlərin geyimlərə inteqrasiyası isə yalnız fərdi sifarişlər və ya xüsusi kolleksiyalar çərçivəsində həyata keçirilir. Geniş ictimaiyyət üçün əlçatanlıq isə məhduddur – əsasən şəxsi istəyin və təşəbbüsün nəticəsi kimi ortaya çıxır.
Müharibə ərəfəsində Azərbaycan bayrağı əks olunmuş köynəkləri belə xaricdən sifariş etməyə məcbur qalırdıq. Yerli sahibkarların geyim sahəsində fəaliyyəti təəssüf ki, zəif inkişaf edib. İstehsal kifayət qədər olmadığına görə milli ünsürlərin yayılması da geridə qalır. Sifariş zamanı bu məqamlar nəzərə alınmır, sahibkarlar isə daha çox xərci az, qiyməti münasib məhsulları seçməyə üstünlük verirlər. Əlverişli qiymət amili nəticə etibarilə keyfiyyətdən və milli dəyərlərdən imtina ilə nəticələnir”.
Sosioloq qeyd edir ki, əgər ölkədə geyim sahəsində genişmiqyaslı istehsal olsaydı, milli düşüncəyə əsaslanan dizaynlar tarix və kimliklə daha sıx səsləşərdi:
“Müasir dəbə uyğunlaşdırılmış milli elementlər artıq bəzi sərgilərdə və kolleksiyalarda təqdim olunub. Yerli dizaynerlər bu istiqamətdə çalışır, lakin onların işi hələ geniş kütlə üçün əlçatan deyil. Yəni potensial mövcuddur, əsas məsələ onun reallaşdırılması üçün uyğun şəraitin yaradılmasıdır.
Bəziləri bu sintezi şəxsi təşəbbüslə həyata keçirir. Məsələn, gündəlik geyimdə kəlağayıdan istifadə edən qadınlar, uşaqlar üçün onu uyğunlaşdıran ailələr artıq formalaşmaqda olan tendensiyadır. Eləcə də parçalar üzərində milli ornamentlərin tətbiqi, aksesuarların müasir üsluba uyğunlaşdırılması mümkündür. Burada əsas şərt texniki bacarıq, təşəbbüs və dəstəkdir”.
Lalə Mehralının sözlərinə görə, geyim bazarına nəzər saldıqda aydın görünür ki, tələbat xaricdən gətirilən məhsullara yönəlib:
“Çünki satışda olan çeşidlər əsasən xarici dəbin təsiri ilə formalaşıb. Yerli istehsal güclü olsaydı, milli motivlərlə zəngin paltarlar da ictimai zövqə çevrilərdi.
Əslində dəb anlayışı insanın öz zövqünü əks etdirir. İnsan nəyə dəyər verirsə, onu dəbə çevirir. Hazırda isə bazarda üstünlük təşkil edən məhsullar xarici istehsaldır və insanlar da məcburən həmin üslubu mənimsəyir.
Əgər yerli istehsal güclənsə, keyfiyyətli və milli dəyərlərlə səsləşən geyimlər təqdim olunsa, ictimai maraq da həmin istiqamətə yönələr. Satış nöqtələrində geniş yayılma dəbin formalaşmasına birbaşa təsir göstərir.
Məhsulların hər yerdə təqdim olunması onları dəbə çevirir. Bu baxımdan, daxili istehsalın dəstəklənməsi milli ornamentlərlə zəngin, keçmişlə bu günü birləşdirən geyim tərzlərinin ortaya çıxmasını asanlaşdırar. Potensialımız buna imkan verir.
Məsələn, pambığı xammal kimi ixrac edirik, amma pambıq köynəkləri baha qiymətə geri alırıq. Bu proses maddi baxımdan zərərlidir, halbuki həmin məhsulların yerli istehsalı üçün resurs və biliklərimiz kifayət qədərdir. Sadəcə, lazımi təşviq və infrastruktur qurulmalıdır.
Sahibkarlara, xüsusən də yeni biznes qurmaq istəyənlərə dəstək göstərilməli, geyim istehsalı üçün zəruri avadanlıqlar təklif edilməlidir. Necə ki, digər sahələrə dövlət dəstəyi mövcuddur, bu istiqamətə də eyni yanaşma tətbiq oluna bilər.
Məşğulluğun artırılması baxımından da bu sahənin inkişafı realdır. Yetər ki, uyğun mühit və təşəbbüskarlığı stimullaşdıran şərait yaradılsın”.
Xəlilli Nigar