Azərbaycan-Pakistan Liderlərinin Laçın Görüşü: Strateji Tərəfdaşlığın Yeni Mərhələsi

Tarix: 13:05 28.05.2025
2025-ci il mayın 27-də Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında mühüm strateji görüş baş tutub. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin gücləndirilməsi və beynəlxalq məsələlərdə birgə fəaliyyətin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “informator.az”a açıqlamasında görüşün bir neçə vacib aspektini önə çəkib:
“Pakistan prezidentinin qırıcı təyyarə ilə gəlməsi önəmlidir. Bu, Azərbaycanın azad olunmuş ərazilərində bilavasitə dəstəyin nümayişidir. Bu yanaşma 2020-ci ildən bəri davam edən bir siyasi xəttin davamı kimi qiymətləndirilməlidir”.
Əlibəylinin sözlərinə görə, görüşün Laçında keçirilməsi Azərbaycan tərəfindən verilən strateji mesajdır:
“Azad olunmuş torpaqlarda belə bir görüşün keçirilməsi qarşı tərəfə və regiondakı digər güc mərkəzlərinə mesajdır. Bu, təkcə Ermənistanla bağlı deyil – proses Hindistana qədər uzanır. Pakistanla hərbi-siyasi yaxınlaşma Hindistanla münasibətlər kontekstində də əhəmiyyətlidir. Burada qırıcı təyyarə mesajı da öz yerindədir”.
Politoloq əlavə edib ki, Azərbaycanın Cənubi Qafqazdakı rolu artıq lokal çərçivədən çıxaraq qlobal səviyyəyə keçib:
“Azərbaycan bu regionda təkcə Ermənistanı deyil, müxtəlif aspektlərdə İranı, Hindistanı, hətta Rusiyanı da zəiflədə bildi. Qarabağ müharibəsi bu mənada geosiyasi reallıqları dəyişdi”.
Əlibəylinin fikrincə, Azərbaycan və Pakistan arasında gələcək əməkdaşlıq sahələri kifayət qədər genişdir:
“İlk növbədə silahlanma proqramlarında əməkdaşlıq gücləndirilə bilər. Pakistan raket və nüvə texnologiyalarında ciddi təcrübəyə malikdir. Biz bu təcrübədən istifadə edərək daha dərindən strateji əməkdaşlığa gedə bilərik. Eyni zamanda, Pakistanın İslam ölkəsi kimi statusu da bu əməkdaşlığın dini-mədəni platformada möhkəmlənməsinə şərait yaradır”.
Solmaz Muradova