MN-in idarə rəisi Pakistanda-Protokol imzalanıb

Tarix: 17:41 28.05.2025
Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycanın Pakistanla hərbi əməkdaşlığı olduqca vacibdir:
"Bildiyiniz kimi, Pakistan İslam dünyasında önəmli mövqeyə sahib, demək olar ki, yeganə aktiv cəbhə rolunu oynayan ölkədir. Xüsusilə Pakistanla Hindistan arasında son qarşıdurma zamanı – yəni əsasən hava qüvvələrinin toqquşduğu savaşda – bütün dünya şahid oldu ki, Pakistan Hindistanı üstələdi. Bu döyüşdə Hindistan ciddi məğlubiyyətə uğradı. Hava döyüşləri adətən genişmiqyaslı müharibələrdə baş verir. Məsələn, İkinci Dünya Müharibəsi zamanı sovet və alman qırıcıları arasında belə qarşıdurmalar olub. Bu baxımdan, Pakistanla Hindistan arasında baş verən son hava döyüşü, bəlkə də İkinci Dünya Müharibəsindən sonra iki böyük ölkənin hava sahəsindəki ilk ciddi toqquşması idi. Bu münaqişənin fərqli cəhəti ondan ibarət idi ki, əvvəlki müharibələrdə təyyarələr bir-birinə yaxınlaşaraq fiziki toqquşmalara girirdilər. Amma bu qarşıdurmada tərəflər uzaq məsafədən bir-birinə zərbələr endirir, raketlər və digər uzaqmənzilli silahlarla atəş açırdılar. Bu, “duel” formasında baş verirdi. Pakistan bu döyüşdə Hindistanın hava məkanında ciddi üstünlük əldə etdi və ona ciddi zərbələr endirdi. Bu, Pakistanın beynəlxalq nüfuzunu da artırdı. Belə bir məqamda Azərbaycanın Pakistanla hərbi əməkdaşlığı olduqca vacibdir. Xüsusilə nəzərə alsaq ki, Hindistan Ermənistanla hərbi tərəfdaşlıq edir, Azərbaycanın da Pakistanla əməkdaşlığı bizim milli maraqlarımıza uyğundur və ölkəmizə yalnız müsbət təsir göstərə bilər. Azərbaycan mütləq şəkildə hərbi cəhətdən güclü olmalı və müasir silahlarla təchiz edilməlidir. Bunun üçün biz Türkiyə, Pakistan, İsrail, Rusiya və Çin kimi ölkələrlə əməkdaşlıq etməliyik. Silah məsələsində seçici davranmaq düzgün olmaz. Əsas məqsədimiz – Azərbaycanın yerləşdiyi həssas regionda öz təhlükəsizliyini və müstəqilliyini qorumaqdır. Bunun üçün güclü hərbi potensial vacibdir. Ümid edirəm ki, bu istiqamətdə düzgün addımlar atılacaq və Azərbaycan daim güclü olacaq".
Qəmər Kazımzadə