Laçında Üçtərəfli Zirvə Toplantısı keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 18:49 28.05.2025

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Gününü qeyd etmək üçün Azərbaycana səfər edib.

 

Teleqraf-a istinadla xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.

 

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan xalqı üçün yeni hava limanının istifadəyə verilməsi mühüm və mütərəqqi bir hadisədir:

 

"Bu kimi addımlar ölkəmizin Orta Dəhlizdəki rolunu daha da gücləndirir və beynəlxalq əhəmiyyətini artırır. Qeyd edilməlidir ki, Türkiyə–Azərbaycan–Pakistan əməkdaşlığı son illərin məhsulu deyil. Bu strateji ittifaq uzun illərə söykənən dostluq və qardaşlıq münasibətləri üzərində formalaşıb. Lakin İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq daha intensiv və səmərəli şəkildə inkişaf etməyə başlayıb.

 

Azərbaycan ilə Pakistan arasında mövcud olan siyasi və hərbi əməkdaşlıq bu prosesin əsas sütunlarından biridir. Pakistan prezidentinin ölkəmizə səfəri və göstərdiyi açıq siyasi və mənəvi dəstək bunu bir daha təsdiqləyir. Bu cür səfərlər yalnız ikitərəfli münasibətlərin güclənməsi ilə yekunlaşmır, eyni zamanda regiondakı digər aktorlar üçün də aydın geosiyasi mesaj verir.

 

Geosiyasi baxımdan bu əməkdaşlıq onu göstərir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış tərəfdaşlıq gündən-günə daha da möhkəmlənir. Bəzi qüvvələr bu yaxınlaşmanı istəməsələr də, artıq bu ittifaqın real güc olduğunu qəbul edirlər. Azərbaycan Orta Dəhlizdə mühüm tranzit mərkəzlərindən birinə çevrilərək beynəlxalq nəqliyyat axınında strateji mövqeyini getdikcə möhkəmləndirir".

 

Politoloq əlavə edib ki, bütün bu hadisələr eyni zamanda region ölkələrinə ünvanlanmış siyasi mesajdır:

 

"Bu mesaj açıqdır: Türkiyə–Azərbaycan–Pakistan ittifaqı dayanıqlıdır və gələcəkdə daha da genişlənəcək. Zəngəzur dəhlizi hələlik tam olaraq açılmasa da, Azərbaycan faktiki olaraq Orta Dəhlizdə əsas yükdaşıma mərkəzlərindən biridir. Bu isə ölkəmizin geosiyasi çəkisinin artmasında mühüm rol oynayır.

 

Gözlənilir ki, bu üçtərəfli əməkdaşlıq yaxın gələcəkdə yeni hərbi və siyasi razılaşmalarla daha da dərinləşəcək. Artıq Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlıq mövcuddur. Silah tədarükü və texniki sahədə əməkdaşlığın genişlənməsi də perspektivdədir.

 

Nəticə etibarilə, bu proseslərin Respublika Gününə təsadüf etməsi də, Azərbaycanın müstəqillik və suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm və mütərəqqi bir addımdır".

 

Aytən Ağazadə