Toksik münasibətlər-Səssiz zəhərlənmə

Tarix: 21:17 29.05.2025
Toksik münasibətlər insanın emosional, psixoloji və bəzən fiziki sağlamlığına zərər vuran əlaqələrdir.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, son zamanlar bu ifadə çox məşhur olub. Amma bu məsələyə bir az dərin baxmaq lazımdır:
"Toksik münasibətlər sonradan yaranmır. İnsanın toksik münasibətə ehtiyacı olur və o partnyorunu tapan zaman artıq ona zəhərləyici, ziyanverici, onun sərhədlərini pozan bir adamla münasibətə girir. Çünki toksik münasibət bir vərdişdir. Əgər bir fərd ailəsində belə bir münasibət görübsə, onun üçün bu təsdiq olunmuş bir münasibətdir. Təbii olaraq, münasibəti o düsturdan, o proqramdan görür. Əgər qarşısındakına basqı edilmirsə, bu münasibət onu zəhərləmirsə, əzmirsə, sıxmırsa, orda özünü diskonfort hiss etməyə başlayır və münasibətləri kəsir. Çünki toksik münasibət problemi ilə yaşayan insanlar daha adekvat münasibətlərə hazır deyillər. Münasibətlərdən çıxmaq, əlbəttə, çətin olur, çünki bu artıq öyrəşdikləri, bildikləri bir mövzudur. Yəni, onlara tanış olan bir hissədir. Bunu inkar etsələr belə, onların çatışmayan tərəfi məhz onları təzyiq altında saxlayan bir partnyordur. Çünki basqı altında saxlayırsa, deməli məni sevir, yəni beynində bu ona bərabərdir. Ona görə də insan özü münasibətdən çıxmaq istəmir".
O, həmçinin vurğulayıb ki, ümumiyyətlə münasibətlərdən əvvəl də, sonra da hər bir insan özü ilə işləməlidir:
"İnsan öz temperamentini təyin edirsə, öz sərhədlərini çəkə bilirsə, özünü dırnaq içində yox, həqiqətən dərindən tanıya bilirsə, hər detalını bilirsə, ordan yola çıxaraq münasibətə girərsə, artıq o adekvat və həqiqətən real bir "mən"ə uyğun bir münasibəti idarə edəcək. Amma formalaşdırdığı "mən", cəmiyyətdə qəbul edilən "mən", münasibətə başlayırsa, orda çox itkilər verəcək".
Billurə Quliyeva