Baş həkimin müavini: İmişlidə yol qəzasına düşən Qətər vətəndaşının vəziyyəti kafidir

Bölmə: Hadisə › ,
Tarix: 10:35 09.02.2016

İmişlidə yol qəzasına düşərək yaralanan Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabinin vəziyyəti kafi qiymətləndirilir.

İnformator.az xəbər verir ki, bu barədə Trend-ə İmişli rayon xəstəxanasının baş həkiminin müavini Fərahim Məlikov deyib.

Onun sözlərinə görə, 26 yaşlı Qətər vətəndaşı yüngül xəsarətlər alıb, onun sol çiyni sıyrılıb, boynu əzilib: "Xəstədə heç bir sınıq qeydə alınmayıb. O, bu gün xəstəxanadan çıxarılacaq".

Qeyd edək ki, bu gecə bir necə əcnəbi vətəndaş İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən onların idarə etdikləri avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, maşın körpünün üstündən keçərkən idarəetməni itirib və su kanalına düşüb. Nəticədə 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari, Qətər vətəndaşı 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi isə İmişli rayon xəstəxanasına yerləşdirilib.