HƏMAS: Atəşkəs üçün masa arxasına oturmağa hazırıq!

Tarix: 11:45 03.06.2025
HƏMAS, Qəzzadakı toqquşmaların sona çatdırılması üçün İsraillə dolayı yolla atəşkəs danışıqlarına dərhal başlamağa hazır olduğunu bəyan edib. Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi, müvəqqəti atəşkəs və əsir mübadiləsini əhatə edən təklifdən sonra verilib.
HƏMAS bəyan edib ki, təklifin bəzi maddələri üzrə razılaşma mümkündür və humanitar böhranın aradan qaldırılması, daimi atəşkəsin təmin olunması və İsrailin Qəzzadan bütün hərbi varlığını çəkməsi kimi əsas şərtlər müzakirə oluna bilər. HƏMAS, eyni zamanda, Qətər və Misirin vasitəçilik səylərinə təşəkkürünü bildirib.
Digər tərəfdən, ABŞ administrasiyası HƏMAS-ın əvvəlki gün verdiyi cavabdan narazı olduğunu bildirib. HƏMAS, müvəqqəti atəşkəsin müddətinin danışıqlar uzandığı halda eyni nisbətdə davam edəcəyinə dair zəmanət verilməməsinə etiraz edib. HƏMAS, 10 sağ əsir və 18 cənazənin İsrailə təhvil veriləcəyini, qarşılığında müəyyən sayda fələstinli məhbusun azad olunmasını təklif edib.
ABŞ nümayəndəsi Vitkoff isə bu cavabı “qətiyyən qəbuledilməz” adlandırıb. İsrail isə 29 mayda təklifi qəbul etdiyini açıqlayıb.
Mənbə: A HABER
Solmaz Muradova