Sülh çağırışı yoxsa diplomatik legitimləşdirmə?

Bölmə: Siyasət › ,
Tarix: 11:48 03.06.2025

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns Bakı və İrəvan arasında sülh sazişinin Cənubi Qafqazda sabitlik və rifah üçün vacib olduğunu bildirib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Stiv Deynsin Ermənistana səfəri və burada sülh sazişinin vacibliyinə dair verdiyi açıqlama, regionda yenidən diplomatik aktivliyin artdığını göstərir:

 

"O, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərək regional təhlükəsizlik və iqtisadi imkanları müzakirə edib. Bununla yanaşı, Tramp administrasiyasının sülh prosesinə verdiyi önəmi dəstəklədiyini bəyan edib. Lakin sual olunur: Ermənistan bu sülh çağırışlarına nə qədər səmimiyyətlə yanaşır? Ermənistan rəhbərliyi bir tərəfdən beynəlxalq platformalarda sülhdən danışır, digər tərəfdən isə sərhəddə təxribatlar törətməkdə, revanşist bəyanatlarla çıxış etməkdə davam edir. Hələ də konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası yer alan dövlətin sülhə hazır olduğunu iddia etməsi ciddi suallar doğurur. ABŞ senatorunun səfəri Ermənistanı diplomatik baxımdan legitimləşdirmək məqsədi daşıyırsa, bu, regionda balanslı vasitəçilik mövqeyinə zərər verə bilər. Çünki real vəziyyət onu göstərir ki, Ermənistan hələdə 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın öhdəliklərini tam yerinə yetirməyib: Zəngəzur dəhlizinin açılması gecikdirilir, hərbi ritorika davam edir, sülh danışıqları isə daxili siyasi manipulyasiya predmetinə çevrilib. Ermənistan rəhbərliyi əvvəlcə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, beynəlxalq səviyyədə atılan hər hansı təşəbbüs, istər Vaşinqtondan, istərsə də Brüsseldən, nəticəsiz qalacaq. Ermənistan həm də daxildəki radikal qüvvələri cilovlamalı, Azərbaycana qarşı nifrət ritorikasına son qoymalıdır. Bu olmadıqca, regionda dayanıqlı sülh mümkün deyil. Azərbaycan sülhə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Amma bu, birtərəfli proses ola bilməz. ABŞ də əgər Cənubi Qafqazda gerçək sabitlik istəyirsə, bu reallıqları nəzərə almalı və Ermənistanı konkret öhdəliklərə əməl etməyə çağırmalıdır. Əks halda, bu cür səfərlər sadəcə görüntü yaratmaqdan o tərəfə keçməyəcək".

 

Ayşən Səlimova