Zelenski İstanbuldakı zirvəni dəyərləndirib: Atəşkəs liderlər görüşmədən mümkün olmaya bilər

Tarix: 11:48 03.06.2025
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən zirvə ilə bağlı açıqlama verib. Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi istiqamətində atəşkəsin əldə olunması liderlərin görüşü olmadan mümkün olmaya bilər. O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla bir araya gəlməyə hazır olduğunu da bəyan edib.
Ukrayna lideri Volodimir Zelenski İstanbulda keçirilən üçtərəfli zirvə ilə bağlı açıqlama verib. Litvanın paytaxtı Vilnüsdə, Nordik ölkələri və Ukraynadan nümayəndələrin iştirakı ilə keçirilən Buxarest Doqquzluğu (B9) Zirvəsində iştirak edən Zelenski, müharibənin dayandırılması istiqamətində İstanbulda təşkil olunan danışıqları dəyərləndirib.
Jurnalistlərin suallarını Zoom vasitəsilə cavablandıran Zelenski, Türkiyədə baş tutan danışıqlarda Rusiya ilə Ukrayna arasında yeni əsir mübadiləsinin aparılması barədə qərarın qəbul edildiyini xatırladaraq deyib: “Əsgərlərimiz dəyişdiriləcək. 1000-ə qarşı 1000 olacaq. Əlavə olaraq, 200-ə qarşı 200 daha əlavə oluna bilər”.
O, həmçinin qarşılıqlı şəkildə 6 min əsgər meyitinin dəyişdirilməsi barədə razılığa gəldiklərini bildirərək əlavə edib: “Bizim tərəf Rusiya tərəfinə 6 min rus əsgərinin meyitini təhvil verməyə razı olub, lakin bu məsələ çox diqqətlə araşdırılmalıdır”.
“ƏRDOĞAN, TRAMP VƏ PUTİN İLƏ GÖRÜŞMƏYƏ HAZIRAM”.
Zelenski Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyə hazır olduğunu qeyd edib.
Zelenski Prezident Ərdoğana bu cür görüşə hazır olduğunu telefon danışığı zamanı bildirdiyini deyərək əlavə edib: “(Prezident Ərdoğana) Liderlər səviyyəsində bir görüşü dəstəklədiyimi söylədim. Çünki bizim görüşməyimiz olmadan atəşkəsin olmayacağı təəssüratına malikəm”.
Rusların, cəbhədə həlak olmuş əsgərlərin meyitlərini götürmək üçün Ukraynaya 2-3 günlük atəşkəs təklif etməsinin məntiqsiz olduğunu bildirən Zelenski, atəşkəsin əslində insanların öldürülməsinin qarşısını almaq üçün bir həll yolu olduğunu vurğulayıb.
Atəşkəsin əldə olunması ilə bağlı Rusiyanın Ukrayna heyətinə təqdim etdiyi memorandumdan da danışan Zelenski sənədi hələ tam oxumadığını bildirib.
Zelenski Ruslar tərəfindən hazırlanmış memorandumla bağlı bəzi məlumatlar aldığını qeyd edərək, sənədin daha çox “Rusiyanın ultimatumuna” bənzədiyini söyləyib.
Zelenski həmçinin Litvadakı təmasları çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə görüşdüyünü və Ukraynanın NATO-nun Haaqa Zirvəsinə dəvət olunduğunu da açıqlayıb.
Mənbə: HABER GLOBAL
Solmaz Muradova