ABŞ və Çin arasında Tayvan gərginliyi dərinləşir

Bölmə: Siyasət › ,
Tarix: 11:52 03.06.2025

ABŞ Müdafiə naziri Pete Hegseth-in Çinin 2027-ci ilə qədər Tayvanı hərbi yolla ələ keçirmək planlarından danışması beynəlxalq müstəvidə geniş rezonans doğurub. Çin tərəfi bu iddiaları təkzib etsə də, regionda gərginliyin artdığı müşahidə olunur.


Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “informator.az”a açıqlamasında bildirib ki, ABŞ və Çin arasında Tayvan ətrafında yaranmış gərginlik qlobal təhlükəsizlik üçün ciddi risklər doğurur:


“Tayvan-Çin münasibətləri artıq dünya gündəmini zəbt edən münaqişə ocaqlarından biridir. ABŞ rəsmisinin 2027 proqnozu müəyyən mənada reallığa əsaslansa da, bu gedişat ciddi risklər daşıyır. Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir və bu məsələyə münasibəti obyektivdir. Tayvanın faktiki olaraq eyni millətin bir parçası olması, tarixən və mədəni cəhətdən birgə köklərə bağlılığı Pekinin mövqeyini gücləndirir”.


Politoloq ABŞ-nin Tayvan vasitəsilə Çinə qarşı “soyuq müharibə” siyasəti yürütməsini də təhlil edərək bildirib:


“Amerika Tayvanı bir alətə çevirib. Çiplər və texnologiyalar sahəsində Tayvanın önəmi böyükdür və ABŞ bu potensialı Çinə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Əslində bu yanaşma soyuq müharibənin tipik bir nümunəsidir. Çin Tayvanla birləşmənin zorakı deyil, yumşaq güc yolu ilə baş verməsini istəyir. Ancaq ABŞ bölgədə gərginliyi qızışdırmaqda maraqlıdır. Bu isə beynəlxalq hüququn əsas prinsiplərinə ziddir”.


“Sakit okean regionu çaxnaşmaya deyil, sabitliyə möhtacdır”.


Tofiq Abbasov bildirib ki, ABŞ-Çin qarşıdurması yalnız bu iki güc arasında deyil, bütün region üçün təhlükə mənbəyidir:


“Asiya-Sakit okean regionu nəqliyyat yolları, tranzit marşrutları baxımından strateji əhəmiyyətə malikdir. Bu bölgədə sabitlik pozularsa, dünya iqtisadiyyatı bundan zərər görəcək. Çin hazırda 2 iri aviadaşıyıcıya malikdir, digərləri isə tikilməkdədir. ABŞ isə Yaponiyadan tutmuş Avstraliyaya qədər koalisiyalar qurur. Bu isə Tayvan məsələsinin lokal yox, qlobal problemə çevrildiyini göstərir”.


Ekspert: “Azərbaycan Tayvan məsələsində balanslı siyasət yürütməlidir”.


Politoloq Azərbaycanın bu məsələyə yanaşmasında neytrallığın və geosiyasi həssaslığın qorunmasının vacibliyini də vurğulayıb:


“Azərbaycan həm Çin, həm də ABŞ-lə balanslı münasibətlər qurmağı bacarır. Bu, strateji üstünlükdür. Tayvan məsələsində də biz beynəlxalq hüquqa sadiq qalaraq, Çinin ərazi bütövlüyünü tanımağa davam etməliyik. Əks halda regionda yeni qarşıdurmaların şahidi ola bilərik”.


Solmaz Muradova