Ankara teraktına misilləmə: 100 terrorçu öldürüldü
Bölmə: Hadisə › ,Tarix: 14:05 18.02.2016
Türk Hava Qüvvələrinə məxsus döyüş təyyarələri dünən gecə Şimali İraqdakı Haftanin bölgəsində geniş hava əməliyyatı həyata keçirib.
Ölkə.Az xəbər verir ki, Türk Silahlı Qüvvələri bir saatdan çox çəkən əməliyyatın Ankarada 28 nəfərin öldüyü və 61 nəfərin yaralandığı terror hadisəsinə misilləmə olduğunu və aralarında PKK rəhbərlərinin də olduğu 100 nəfərlik bir qrupun hədəf alındığını bildirib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Türk Silahlı Qüvvələrinin hava əməliyyatı haqda bunları qeyd edib:
"Dünən Haftanin bölgəsi ətrafında separatçı terror təşkilatına məxsus düşərgələr istiqamətində çox böyük və əhatəli bir əməliyyat aparılıb.
Kəşfiyyatımızın verdiyi məlumatlardan sonra keçirilən bu əməliyyatda 100-ə yaxın terror təşkilatına mənsub şəxs öldürülüb".
Qeyd edək ki, dünən gecə Ankarada baş verən dəhşətli terror hadisəsində rəsmi rəqəmlərə görə 28 nəfər həyatını itirib, 61 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə yaralanıb.