ABŞ Suriyada Üç Hərbi Bazadan İmtina Edib

Bölmə: Siyasət › ,
Tarix: 20:45 03.06.2025

ABŞ Suriyadakı hərbi mövcudluğunu azaltmağa başlayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu Tramp-Ərdoğan danışıqlarının nəticəsidir:

 

"Bu, Tramp-Ərdoğan danışıqlarının nəticəsidir. Tramp özü də deyib ki, "Suriya artıq Ərdoğana aiddir", "Ərdoğan Suriyanı fəth etdi" və s. Bu ifadələr təsadüfi deyil. Suriya artıq Ərdoğanlıq sayılır. Ona görə də danışıqların nəticəsi olaraq belə bir mənzərə yaranır. Suriyadakı ABŞ bazaları hökumətə, yəni Dəməşqə təhvil verilməlidir. Həmin bazalar əvvəllər kürt separatçılarının nəzarətində olan ərazilərdə yerləşirdi. Çox güman ki, qısa zamanda bu bazalar da artıq rəsmi Dəməşqin nəzarətinə keçəcək. Suriyanın "demokratik qüvvələri" adlandırılan qurumlarda kürtlər üstünlük təşkil edir. Amma bu qüvvələr də artıq rəsmi olaraq Dəməşq hökumətini tanıyıb, ona tabe olduqlarını bəyan ediblər. Ümid edirəm ki, bu bəyanatlara sadiq qalacaqlar və həmin hərbi bazalar tam şəkildə rəsmi Suriya hökumətinin nəzarətinə keçəcək. Bu, müsbət haldır. ABŞ-nin Suriyadan çıxması Türkiyənin mövqelərinin güclənməsi deməkdir. Rusiyanın Suriyada zəifləməsinə gəlincə, bu, artıq əvvəldən bəllidir. Bəşər Əsəd hakimiyyətdən məhrum edilsəydi, Rusiya və İran da Suriyada zəifləyəcəkdi. İmkanı olan İran artıq faktiki olaraq Suriyadan çıxıb. Rusiya isə hələlik qalmağa çalışır. Amma belə vəziyyətdə bütün cəbhələrdə aktiv olmaq mümkün deyil — birində qalırsan, o birində mövqeyini itirirsən.Hazırda Rusiyanın əsas diqqəti Ukrayna cəbhəsindədir. Ona görə də istər Qarabağda, istər Suriyada mövqelərini tədricən təhvil verir. Rusiya düşünür ki, Ukrayna məsələsini həll etdikdən sonra həmin bölgələrə qayıda bilər. Amma bu, artıq qeyri-müəyyən məsələdir. Ümumiyyətlə, Rusiya bir çox cəbhədə mübarizə aparır, amma eyni anda bütün cəbhələrdə qalib gəlmək mümkün olmur. Heç bir böyük siyasətçi buna nail ola bilməyib. Hazırda bu baxımdan yeganə uğurlu nümunə Türkiyədir. Türkiyə istər Liviyada, istər İraqda, istər Suriyada, istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə mövqelərini qoruyub saxlayır və irəliləyir.Məsələn, Rusiya Suriyadan çəkilir, amma Afrikada irəliləyir. Fransa isə Afrikadan çəkilir. Cənubi Qafqazda mövqelərini möhkəmlətməyə çalışır. Bu, sanki dairəvi bir oyundur: biri bir yerdə güclənir, başqa yerdə zəifləyir. Bu, beynəlxalq siyasətin şahmat taxtasıdır. Mən həmişə deyirəm: bu, MMA döyüşü deyil ki, hər gələnə zərbə vurub qalib gələsən. Beləliklə, dünyada böyük dövlətlər arasında müxtəlif mövqelər uğrunda savaşlar gedir. Kimisi bir yerdə irəliləyir, kimisi başqa yerdə geri çəkilir. Bu proseslərin mahiyyəti də elə bundan ibarətdir".

 

Qəmər Kazımzadə