Akebi meyvəsi

Tarix: 16:16 05.06.2025
Akebi meyvəsi — Yaponiyanın dağlıq bölgələrində yetişən ekzotik və nadir meyvələrdən biridir. Elmi adı Akebia quinata olan bu bitki, həm dekorativ görünüşü, həm də maraqlı dadı ilə seçilir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov "İnformator.az"a açıqlamasında bildirib ki, akebi meyvəsi əsasən Yaponiya, Çin və Koreya bölgələrində yetişən nadir və ekzotik meyvələrdən biridir:
"Həm meyvəsi, həm də bitkisinin digər hissələri (məsələn, qabığı və yarpaqları) müxtəlif məqsədlərlə istifadə olunur. Akebi polifenollar və flavonoidlər baxımından zəngindir. Hüceyrələri sərbəst radikallardan qoruyur, xroniki iltihab riskini azalda bilər. Bəzi tədqiqatlar göstərir ki, akebi ekstraktları iltihab əleyhinə xüsusiyyətlərə malikdir (xüsusilə qabığı və yarpaqları). Ənənəvi təbabətdə menstrual ağrıların yüngülləşməsi və hormon balansı üçün istifadə olunub. Akebi meyvəsi həmçinin bitki mənşəli lif, flavonoidlər və saponinlər kimi bioaktiv maddələrlə də zəngindir. Akebinin həm şirin (iç hissəsi), həm acı (qabıq) hissələrindən kulinariya məqsədilə istifadə edilir. Ənənəvi təbabətdə (xüsusilə Çin və Yapiniyada) geniş istifadə tarixi var.
Nadir də olsa, akebi meyvəsi bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu, xüsusilə daha əvvəl heç yeməmiş və ya bitkiyə qarşı həssaslığı olan şəxslərdə müşahidə edilə bilər. Əgər kimsə ilk dəfə akebi yeyirsə az miqdarda sınamağı tövsiyə etmək olar. Xüsusilə allergiyaya meylli şəxslər diqqətli olmalıdır".
Fatimə Heydərova