Psixoloq və yaşam koçu – bu iki anlayış arasında fərqlər

Tarix: 21:10 05.06.2025
Psixoloq və yaşam koçu anlayışları çox zaman bir-biri ilə qarışdırılır. Lakin əslində onların məqsədləri, yanaşmaları və fəaliyyət sahələri fərqlidir. Hər ikisi fərdin inkişafına dəstək olur, lakin bunu fərqli yollarla həyata keçirirlər. Psixoloq daha çox keçmiş travmalar, emosional problemlər və psixi sağlamlıq məsələləri ilə məşğul olur və klinik, elmi yanaşma sərgiləyir. Yaşam koçu isə fərdin məqsədlərinə çatmasına kömək edir, motivasiya verir və gələcəyə fokuslanaraq fəaliyyət planı hazırlayır.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki, psixoloqla yaşam koçu ayrı-ayrı peşələrdir, lakin yaşam koçunun bir çox vəzifəsini peşəkar psixoloqlar da yerinə yetirə bilər:
"İlk növbədə psixoloqla yaşam koçuna hansı hallarda müraciət edilməsindən danışaq. Psixoloq – insanlarda müəyyən psixoloji pozuntu əlamətləri, depressiya, panik atak, travma sonrası stress, uşaqlıq travmaları, münasibətlərdə çətinliklər və s. kimi məsələlərdə müraciət ediləcək bir peşəkar mütəxəssisdir. Psixoloq bu hallarda sizə dərin analiz, diaqnostika və elmi əsaslı terapiya metodları ilə yanaşır. Yaşam koçu isə daha çox çətinlik yaşayan insanlar üçündür. Məsələn, məqsədini tapa bilməyən, motivasiyası azalan, həyat yolu və istiqamət axtaran şəxslər üçün. Düzdür, bütün bunlarla peşəkar psixoloqlar da məşğul olur. Yaşam koçları daha çox planlaşdırma və müəyyən bir davranış dəyişikliyinə dəstək verirlər. Amma bu, motivasiya səviyyəsində olur."
Psixoloqlar üçün etik kodeksə əsasən, gizlilik prinsipi, elmi əsaslı müdaxilə, diaqnostika dəqiqliyi, yönləndirmə və peşə sərhədlərinə riayət etmək vacibdir. Yaşam koçlarında isə bu, nisbətən sərbəstdir. Yəni, rəsmi etik kodekslər mövcuddur, lakin onların tətbiqi məcburi deyil. Buna görə də bəzən səlahiyyətsiz şəxslər zərərli müdaxilələr edə bilərlər. Yaşam koçu fərdin hazırkı vəziyyətini analiz edir və onu hədəflərinə çatdırmaq üçün müəyyən plan hazırlayır. Bu, fərdin dəyərlərini, motivasiyasını müəyyənləşdirmək və addım-addım fəaliyyət strategiyası yaratmaqdan ibarətdir. Yaşam koçunun əsas vəzifəsi daha çox gələcəyə yönəlik praktik dəstək verməkdir. Yaşam koçu keçmişi analiz edə bilmir, ancaq indidən gələcəyə baxır:
Ekspert hər iki sahənin insanlarla olan münasibətindəki fərqlərdən də söz açıb:
"Psixoloq-pasiyent münasibəti daha dərin, qorunan və müəyyən etik sərhədlərə daxil olan bir münasibətdir. Yəni, təhlükəsizlik, sirrin saxlanılması, dəstək və psixi sağlamlığa cavabdehlik mövcuddur. Yaşam koçu–müştəri münasibətində isə bərabərlik və tərəfdaşlıq əsasdır. Koçlar daha çox sual verir və ona uyğun istiqamətləndirirlər. Müştəri məsuliyyəti özü daşıyır və şəxsən özü icraçıdır".
Nəzrin Məmmədova