Çırpınan qısqacların səsi vicdandan daha çox çıxır

Bölmə: Maraqlı › ,
Tarix: 23:16 05.06.2025

 

Əsrlər boyu biz insanlar öz tələbatlarımızın, zövqlərimizin qarşılanması üçün ətrafdakı canlılardan istifadə edirik. Əgər bir az artıq pulumuz varsa, istəklərimiz daha da artır, bəzən isə bu istəklər düşüncəsizcə seçilə bilir. Reallıq budur ki, biz, həqiqətən, mərkəzdəyik – düşünə, yarada bilirik. Ancaq bəzən eqoist davranırıq.

Həyatı bir səhnə kimi düşünün. Biz insanlar baş rollarıq, digər canlılar isə bizim qurbanlarımızdır. Bəli, reallıq belədir.

 

Dünyanın ən bahalı yeməklərindən biri dəniz xərçəngidir. Zənginlərin sevimli yeməyi olan bu canlı, ən lüks restoranlarda servis olunur. Onun tutulması bir ayrı, bişirilməsi isə tamam başqa bir vəhşətdir. Dəniz xərçəngləri ən həssas, qorunmasız və qaçmaq qabiliyyəti zəif olan canlılardandır. Buna görə də tutulduqları zaman müqavimət göstərə bilmirlər. Hər bir canlının özünü müdafiə etmək hüququ var, ancaq onların, demək olar ki, yoxdur.

 

Biz inək əti, toyuq əti, balıq əti və digər canlıların ətini də yeyirik, ancaq dəniz xərçənglərinin bişirilmə metodu digərlərindən fərqlənir. Biz toyuğu, qazı və digər heyvanları diri-diri bişirmirik. Ancaq dəniz xərçəngləri öldürülərək bişirilsə, qanlarındakı toksinlər insan bədəninə zərər verə bilər. Buna görə də onlar canlı-canlı qaynadılır və qanındakı zəhər belə yox edilir. Normalda səs çıxarmayan dəniz xərçəngləri qaynadılarkən o qədər əzab çəkirlər ki, qısqaclarını şiddətlə bir-birinə vururlar. Buna görə də onların qısqacları bağlanır və ya arasına parça qoyulur. Təəssüf ki, biz insanların səsi o qədər yüksəkdir ki, onların qısqaclarının səsini eşitmək belə istəmirik. Biz bundan zövq almağı bacarırıq. Ancaq dərindən düşünsək, bir canlını diri-diri qaynadıb buna “zövq” deyiriksə, o zaman dəyərlərimizi və insanlığımızı ciddi şəkildə sorğulamalıyıq.

 

Biz bu dünyanın sahibi deyilik. Biz bu dünyada sadəcə qonağıq. Yaşadığımız müddətcə vicdani və əxlaqi keyfiyyətlərimizi qorumalıyıq. İnanın, bu süfrədəki bir ləzzətdən daha vacib və daha dəyərli olan şeylər var.

 

Fatimə Şahverdiyeva