İran Ukraynaya nota verib

Bölmə: Siyasət › ,
Tarix: 09:47 02.07.2025

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İran ərazisinə zərbələrini dəstəkləyən bəyanatları səbəbindən etiraz notasını təqdim etmək üçün çağırıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Ukraynaya nota təqdim etməsi anlaşılandır:

 

"Amma burada məsələ bir qədər fərqlidir. Ukrayna İsrailin İran ərazilərinə hücumunu dəstəkləyib. Əlbəttə, bunu beynəlxalq münasibətlər sisteminin indiki vəziyyətinə uyğun şərh etsək deyə bilərik ki, bir çox hallarda beynəlxalq hüquqa əhəmiyyət verilmir və onun prinsiplərinin keçərliliyi olduqca zəifdir. Vaxtı ilə Rusiya Ukraynaya hücum edən zaman İran onu dəstəkləyib, ona silah yardımı edib. İranın dronları Ukraynaya səmasında ən arzu olunmayan obyektlərdəndir. Zamanında İranın etdiklərini indi Ukrayna edir. Sadəcə olaraq İran bunu rəsmi bəyənatlarla etmirdi, Ukrayna isə dəstək vermədən, açıqlama verir. Buna cavab tədbiri kimi də baxıla bilər, yəni Ukrayna İranın Rusiyanı dəstəkləməsinə, Ukrayna ərazilərinin İran silahları ilə vurulmasına bir növ cavab verir. Ukraynanın İsraili dəstəkləməsi İran-İsrail münasibətlərinə mənfi təsir edir. Dəfələrlə Ukrayna öz etirazını bildirib və İranı qınayıb. İndi isə Ukrayna sanki ondan qisas alır. Diplomatik əlaqələri olmasına rəğmən, tərəflərin bir-birinə etiraz etməsi üçün kifayət qədər ciddi əsaslar var. Əlbəttə ki, etiraz notasının diplomatik təzyiq vasitəsi kimi sayılması normaldır. Amma hazırda dünyada mövcud olan siyası düzən bu cür alətləri əhəmiyyətsizləşdirib. Bu notanı təqdim etməklə İran öz etirazını bildirir. Amma İranın Ukraynaya qarşı mövqeyi, Rusiyanı dəstəkləməsi fonunda bu nota çox ciddi rol oynamır. Məncə bu münasibətlərin nizamlanmasının yeganə yolu İranın Ukraynaya qarşı olan savaşda mövqe tutması ola bilər".


Fatimə Heydərova