Danimarkada qadınlar hərbi xidmətə başlayır

Tarix: 11:56 02.07.2025
Danimarkada iyun 2023-cü ildə qəbul edilən qanuna əsasən, 1 iyul 2025-dən sonra 18 yaşı tamam olan qadınlar hərbi xidmətə çağırış üçün ilkin qiymətləndirmə günlərinə qeydiyyatdan keçməlidirlər. Bu qaydalar daha əvvəl yalnız kişilərə şamil edilib. İndiyə qədər qadınlar yalnız könüllü şəkildə orduya qoşula biliblər. 2023-cü ildə hərbi xidmətə qəbul olunanların təxminən 24%-i qadınlar idi.
Danimarka orduya çağırışda əvvəlcə könüllülərə üstünlük verir, qalan yerlər isə lotereya ilə doldurulur. Silahlı qüvvələr, əsasən kişilər üçün nəzərdə tutulmuş kazarma və avadanlıqları qadınların istifadəsinə uyğunlaşdırmaq üçün dəyişikliklər aparır. Rəsmi nümayəndə Katrine bildirib ki, bəzi geyim və bel çantaları hazırda qadın əsgərlər üçün çox böyükdür.
NATO müttəfiqləri ilə əldə edilən müdafiə xərclərinin artırılması razılaşmasından sonra Danimarka 2026-cı ildən etibarən hərbi xidmət müddətini 4 aydan 11 aya qaldırmağı və 2033-cü ilə qədər hərbi qulluqçuların sayını 5,000-dən 7,500-ə çatdırmağı planlaşdırır.
ANEWZ
Gülhüseynova Güllər