Mülki təyyarəmizin vurulması-Planlaşdırılmış terror aktı iddiası

Bölmə: Siyasət › ,
Tarix: 12:58 02.07.2025

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin vurulması ilə bağlı sensasion materiallardan ibarət anonim məktub üzə çıxıb. Məktubda hava hücumundan müdafiə bölməsinin kapitanının izahatı yer alır.

 

Kapitanın bildirdiyinə görə, təyyarəyə atəş açılması əmri Rusiya Müdafiə Nazirliyi tərəfindən verilib. Məktuba, həmçinin video və audioyazılarla yanaşı, texnikanın yararsız vəziyyətdə olması ilə bağlı ətraflı məlumatlar da əlavə olunub.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu hadisə beynəlxalq səviyyədə rezonansa səbəb ola biləcək ciddi məsələdir:

 

“Hər hansı bir ölkənin başqa bir ölkənin mülki təyyarəsinə, özü də Müdafiə Nazirliyinin göstərişi ilə atəş açması, ikitərəfli münasibətlərə ciddi zərbə vurur. Burada texniki səhv və ya təsadüf ehtimalı az görünür. Hadisənin gedişatı planlaşdırılmış və əmrlə icra edilmiş bir əməliyyatı xatırladır. Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiya bu addımı strateji tərəfdaşlıq münasibətləri olan Azərbaycan kimi bir ölkəyə qarşı atıb. Hadisə baş verən zaman iki ölkə arasında münasibətlər yüksək səviyyədə idi və ciddi bir gərginlik müşahidə olunmurdu. Mediada yayılan anonim məktubda da bu versiya təsdiqlənir. Məktubda qeyd edilir ki, hadisə Rusiya Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə həyata keçirilib. Bu isə beynəlxalq hüquq baxımından çox ciddi nəticələrə yol aça bilər. Bu cür hadisələr yalnız iki ölkə arasında deyil, həm də regional təhlükəsizlik və beynəlxalq hüququn aliliyi baxımından narahatlıq doğurur.

Ukrayna hadisələrində də müşahidə etdiyimiz kimi, dövlətlərin daxili və xarici siyasətində hərbi güc tətbiqinin sərhədləri pozulduqda, bu həm regional, həm də qlobal sabitlik üçün ciddi risklər yaradır. Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmalar aparılır və beynəlxalq təşkilatların da mövzuya diqqət göstərməsi gözlənilir".

 

Aytən Ağazadə