Yəməndən İsrailə raket buraxılıb

Tarix: 13:05 02.07.2025
İsrail yeni raket buraxılışını qeydə alıb. Bu dəfə atəşin Yəmən tərəfdən həyata keçirildiyi müəyyən olunub.
Məsələ ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Yəməndə əsas hərbi-siyasi fiqur husilərdir:
“Onlar paytaxt da daxil olmaqla Yəmən ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edirlər. Raketin də husilər tərəfindən buraxıldığı şübhəsizdir. İsrail tərəfi bununla bağlı açıqlama verib və raketin zərərsizləşdirildiyini bildirib. Lakin husilərlə İsrail arasında baş verən bu qarşıdurma bölgədə ciddi gərginlik yaradan amildir. İsrail və Yəmən arasında diplomatik münasibətlər mövcud deyil. İsrail Yəməni rəsmən düşmən dövlət elan edib. Yəmən də İsraillə heç bir əlaqəyə malik deyil. Hətta pasportunda İsrailə giriş-çıxış nişanəsi olan şəxslər Yəmən ərazisinə buraxılmır. Bu baxımdan, Yəmən tərəfindən atılan addımların husilərlə əlaqəli olması ehtimalı yüksəkdir. Husilər Qırmızı dənizdə ciddi nəzarət imkanlarına malikdirlər. Onlar Yaxın Şərq və Uzaq Şərq istiqamətində geosiyasi proseslərə təsir etmək potensialına sahibdirlər. Məlum olduğu kimi, husilərə əsas dəstək verən dövlət İrandır. İran onlara həm maliyyə, həm də texniki baxımdan yardım edir. Husilər Qəzzadakı fələstinlilərlə həmrəylik nümayiş etdirirlər. İsrail raket hücumlarına qarşı sərt reaksiya göstərəcəyini açıqlayıb. Eyni zamanda, ABŞ-nin İsraildəki səfiri də hadisəyə münasibət bildirib. İsrail İranla arasında baş vermiş 12 günlük müharibəyə istinad edərək bəyan edir ki, bu tip hücumlar davam edərsə, Yəməni də oxşar aqibət gözləyə bilər. Əgər münaqişə daha da eskalasiya edərsə, genişmiqyaslı qarşıdurma ehtimalı istisna deyil".
Çimnaz Telmanqızı