Ruslar Şimali Koreyada dron istehsalına yardım edir

Tarix: 15:12 02.07.2025
Rusiya Şimali Koreyaya hücum dronlarının istehsalına kömək edir və onların operatorlarına təlim keçir, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, bu əməkdaşlıq, bir tərəfdən, Rusiyanın üzləşdiyi beynəlxalq sanksiyaların təsirini azaltmağa xidmət edir:
"Rusiya ilə Şimali Koreya arasında dron istehsalı və təlimlərlə bağlı əməkdaşlıq mövcuddur. Hazırda rus mütəxəssislər Şimali Koreyada həm dronların istehsalında iştirak edir, həm də Şimali Koreya əsgərlərinə təlimlər keçir. Bu, iki ölkə arasında Ukraynaya qarşı ilk əməkdaşlıq nümunəsi deyil. Bundan əvvəl də Şimali Koreyadan on minlərlə hərbçi Rusiyanın tərəfində Ukraynada döyüşmək üçün göndərilib. Bu əməkdaşlığın əsasında 2024-cü ilin iyun ayında Rusiya və Şimali Koreya arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi dayanır. Həmin sazişin əsas maddələrindən biri ondan ibarətdir ki, əgər tərəflərdən birinə hücum edilərsə, bu, digər tərəfə hücum kimi qiymətləndirilir və qarşılıqlı yardım öhdəliyi yaranır. Məhz bu çərçivədə Şimali Koreya Rusiyaya hərbi dəstək verir. Sözsüz ki, bu yardım birtərəfli deyil – əvəzində Rusiya da Şimali Koreyaya hərbi texnologiyaların inkişafı, istehsal və təlimlər sahəsində dəstək göstərir.Bu əməkdaşlıq, bir tərəfdən, Rusiyanın üzləşdiyi beynəlxalq sanksiyaların təsirini azaltmağa xidmət edir. Çünki dünya ölkələrinin hamısı Rusiyaya sanksiya tətbiq etməyib və bu, Moskvanın manevr imkanlarını saxlamasına şərait yaradır".
Həmçinin politoloq bölgədə, xüsusilə də Cənubi Koreya və Yaponiyada bu əməkdaşlığın təhlükəsizlik balansına hansı təsirləri göstərə biləcəyindən danışıb:
"Digər tərəfdən isə, region ölkələri – xüsusilə Cənubi Koreya və Yaponiya – bu prosesdən ciddi narahatlıq keçirir. Cənubi Koreya ilə Şimali Koreya arasında 1950–1953-cü illərdə baş vermiş müharibə nəticəsində Koreya yarımadası faktiki olaraq iki yerə bölünüb və bu günə qədər də münasibətlər gərgindir. Cənubi Koreya hələ də Şimali Koreyanı düşmən dövlət kimi qəbul edir.Həm Cənubi Koreya, həm də Yaponiya ABŞ ilə hərbi müttəfiq olduqlarından, Şimali Koreyanın güclənməsi onların maraqlarına uyğun deyil. Onlar bu təhlükəyə qarşı ABŞ-nin dəstəyinə arxalanırlar. Hərçənd ki, yaxın zamanda Şimali Koreyanın Yaponiya və ya Cənubi Koreyaya hərbi hücumu ehtimal olunmur, bölgədəki hərbi balansın dəyişməsi bu ölkələri haqlı olaraq narahat edir. Çünki vəziyyət hər an dəyişə bilər".
Qəmər Kazımzadə