Zelenskinin kostyumu-Sülhə mesaj, yoxsa diplomatik illüziya?

Bölmə: Siyasət › ,
Tarix: 16:11 02.07.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Trampla görüşündə deyib:“Müharibə bitəndən sonra kostyum geyinəcəyəm”.

 

Haaqada keçirilən NATO sammitində Zelenskinin kostyumla iştirak etməsi diqqətdən yayınmayıb.Bu addım dünyaya ünvanlanan simvolik bir mesaj kimi şərh olunur.Sammit çərçivəsində keçirilən ən maraqlı görüşlərdən biri isə ABŞ-nin Prezidenti  Donald Trampla baş tutan 40 dəqiqəlik qapalı danışıqlar idi. Mətbuata qapalı keçirilən bu dialoq ətrafında müxtəlif ehtimallar dolaşır: barış perspektivləri, ABŞ-nin dəstəyi, yeni razılaşmalar…

 

Hər halda, Zelenskinin kostyumu artıq sadəcə bir geyim deyil — o, sülh üçün geyinilmiş simvolik “zireh” kimi də oxunur.

 

Mövzu ilə bağlı Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki,Zelenskinin NATO sammitində kostyum geyinməsi sadəcə geyim seçimi deyil, həm də diplomatik mesaj kimi qəbul edilə bilər:

 

“Müharibə vəziyyətində olan bir liderin rəsmi və ciddi görünməsi, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə müharibənin yaxın zamanda sona çatacağına dair inam yaratmaq məqsədi daşıya bilər. Bu, müharibənin sona çatması və ölkəsinin normal həyata qayıdacağına dair simvolik ümidlər təqdim edir.Beynəlxalq arenada belə simvolik jestlər çox vaxt dərin mənalar daşıyır. Onlar sadəcə formal tədbirlərdən çox, qarşı tərəfə və müttəfiqlərə mesaj vermək üçün istifadə olunur. Bu cür jestlər diplomatiyada sülh danışıqlarının, kompromis imkanlarının olduğunu göstərmək üçün vacib vasitə hesab edilir. Ancaq simvolik jestlər təkcə mesaj verməklə kifayətlənmir, real irəliləyiş üçün daha çox faktiki addımlar və qarşılıqlı razılıqlar tələb olunur”.

 

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi hazırkı vəziyyətdə mürəkkəb və qeyri-müəyyəndir:

 

“Müharibənin sona çatması üçün hər iki tərəfin maraqları, beynəlxalq təsir faktorları və daxili siyasi durum önəmlidir. ABŞ prezidenti Trampın mövqeyi də bu prosesdə maraqlı bir elementdir. Tramp müharibənin mövcud reallaıqlar çərçivəsində ya sona çatmasını yada ən yaxşı halda sülh sazişi ilə gələcəyə təxirə salınmasını istəyir. O, həm də ABŞ-nin bu münaqişədəki rolunun optimallaşdırılmasını hədəfləyir. 

 

Ümumiyyətlə, Zelenskinin jestləri və Trampın mövqeyi müharibənin sona çatması istiqamətində müəyyən nikbinlik yaratsa da, həqiqi sülh üçün daha dərin və ciddi diplomatik proseslərə ehtiyac var.Beynəlxalq ictimaiyyətin, xüsusilə də əsas oyunçuların bu prosesə ciddi şəkildə müdaxiləsi olmadan münaqişənin yaxın vaxtlarda bitməsi çətin görünür”.

 

Səkinəbəyim Cəfərova