Trampın “24 saatda sülh” vədi-reallıqda fiasko və Ukraynanın taleyi

Bölmə: Siyasət › ,
Tarix: 17:03 02.07.2025

 

ABŞ-də Prezident  seçkiləri kampaniyasının ən çox müzakirə olunan iddialarından biri Trampa məxsus idi. O, tez-tez vurğulayıb ki, əgər hakimiyyətə qayıtsa, Rusiya–Ukrayna müharibəsini cəmi 24 saatərzində bitirə bilər.

 

Mövzu ilə bağlı siyasi şərhçi  Natiq Miri “İnformator.az” saytına açıqlamasında bildirib ki,bu,Tramp şəxsiyyətinə məxsus populist bir çıxış idi:

 

“Hər zaman böyük iddialar və çağırışlarla, xüsusilə də ticarətdə məhdudlaşma vasitəsilə böhranlar yaratmaqla öz istəyinə nail olmağa çalışıb. Burada da özünün guya sərt, qətiyyətli xarakteri ilə düşünürdü ki, qısa zamanda Rusiya–Ukrayna və ya Fələstin–İsrail münaqişəsini həll edə biləcək. Ancaq bu münaqişə sıradan deyil. Mahiyyət etibarilə, əgər Rusiya öz təhlükəsizliyi kontekstində bu əməliyyatı başladığını iddia edirsə də, Rusiyanın iştahı daha böyükdür və bütün Ukraynanı işğal etmək, eyni zamanda Avropaya və NATO üzvü ölkələrə təhlükə yaratmaqla perspektivdə həm Avropa Birliyini, həm də NATO-nu dağıtmaq istəyini ortaya qoyur. Rusiya buna inanır və bu gün də bu siyasəti davam etdirir. Düşünür ki, Avropa Birliyində və NATO-da parçalanmaya gətirib çıxara bilər”.

 

Natiq Miri qeyd edir ki,Trampın bu yöndə siyasəti tamamilə fiaskoya uğrayıb:

 

“Tramp düşünürdü ki, Rusiyaya yönəlik bəzi jestlər etməklə Putinlə dil tapa biləcək və bu kontekstdə əsas müharibəni dayandırmaq üçün əhəmiyyətli rola malik olan Rusiya və onun Prezidenti ilə bu məsələdə anlaşa biləcək. Ancaq göründüyü kimi, Putin Trampın dediklərinə etibar etmir. Rusiyanın şəxsi münasibətlərdən başqa, imperiya siyasəti iştahı var. Ona görə də Rusiya bir növ sülhpərvər görüntüsü yaratmaqla sürünən işğalı davam etdirir. Görünən odur ki, işğal etdiyi 4 vilayətlə Rusiya qətiyyən dayanmaq istəmir.

 

Artıq ABŞ-də, xüsusilə də Senatda və Nümayəndələr Palatasında, eyni zamanda Trampın timsalında bildirilib ki, əgər Rusiyaya qarşı iyul ayında dərhal atəşkəs təmin olunmasa, ciddi sanksiyalar tətbiq olunacaq. Əgər artıq sanksiyalar üçün zəmin yaranıbsa, demək, Trampın bu siyasəti tamamilə fiaskoya uğrayıb”.

 

Siyasi şərhçi ABŞ-nin Rusiyanı tədricən Çinin yanından ayıraraq öz yanına çəkmək istədiyini qeyd edib: 

 

“ABŞ Rusiya–Ukrayna müharibəsinin davam etməsində maraqlı deyil. Əksinə, bu müharibənin bitməsində maraqlıdır ki, ABŞ-nin hərbi və maliyyə yardımları Ukraynaya dayansın.Üfüqdə  bir Rusiya–Çin–İran ittifaqı var idi ki, ABŞ-nin də bu cür ittifaqlara qarşı təkbaşına mübarizə aparması problemlidir. Ona görə də bu ittifaqı parçalamaq üçün Ukrayna–Rusiya müharibəsindən istifadə edərək Rusiyanı yanına çəkmək siyasəti aparılırdı ki, bunun da mənfi əks təsirlə ABŞ-yə qayıtdığı görünür.

 

Bu, yanlış siyasət idi. Çünki Rusiya bu vəziyyətdən istifadə edərək özünün manevr imkanlarını artırır. Həm Çinlə əməkdaşlığı gücləndirməkdə maraqlı görünür, həm də ABŞ-lə danışıqları davam etdirməklə guya “sülh göyərçini” olduğunu nümayiş etdirir. Bu baxımdan, ABŞ bu müharibənin davam etməsində deyil, bitirilməsində maraqlıdır. Ancaq tətbiq olunan siyasət yanlışdır və əks effekt verir.

 

Rusiya–Ukrayna müharibəsinin gələcəyi Ukraynanın strateji tərəfdaşlarının Ukraynaya davamlı və yüksək səviyyədə yardımından asılı olacaq. Bir tərəfdə silah təchizatı, digər tərəfdə maliyyə yardımları ilə bərabər perspektivdə strateji silahların Ukrayna ərazisində istehsal olunması üçün birgə müəssisələrin yaradılması nəzərdə tutulur. Bunun üçün böyük maliyyələrə ehtiyac var. Çünki bu, zaman baxımından gələcəkdə Ukraynanın güclənməsi deməkdir. Ukrayna öz təhlükəsizliyini qoruduğu təqdirdə, bu, NATO-nun, o cümlədən Avropa Birliyinin təhlükəsizliyi anlamına gəlir. Çünki Avropanın təhlükəsizlik arxitekturası bu gün Ukraynanın kənarında nəzərdə tutulmur”.

 

Səkinəbəyim Cəfərova