Problemli məsələləri müzakirə ediblər

Tarix: 16:52 02.07.2025
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə Yekaterinburq və Bakıda baş vermiş hadisələrin araşdırılması ilə bağlı bütün problemli məsələləri nəzərdən keçirib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqədədir. Bu əlaqələr zamanı onlar problemli hesab edilən məsələləri araşdırırlar", – deyə o qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycan və Rusiya arasında yaranan siyasi problemlərin əsas səbəbi Rusiya müdafiə orqanlarının beynəlxalq hüquq normalarına zidd addımlar atmasıdır:
"Rusiya vətəndaşı olan, həmçinin Azərbaycan vətəndaşı olan miqrantlara qarşı hüquqa zidd zorakılıq davranışları iki ölkə arasında ziddiyyətlərin yaranmasına səbəb olub. Hər iki ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinin bu mövzuları müzakirə etməsi olduqca vacib və düzgün yanaşmadır. Azərbaycan hüquq-mühafizə sisteminin rəhbərliyi Rusiya tərəfinə Rusiyada yol verilən hüquqi yanlışlarla bağlı iradlar bildirə bilər. Problemin həlli, əslində, Rusiyadan asılıdır. Polis məmurlarının cəzalandırılması ilə bağlı hüquqi addımlar atılmalıdır. Rusiya nəhayət Azərbaycana qarşı qərəzli davranışlarından imtina etməlidir. İlk növbədə Azərbaycanın sərnişin təyyarəsinin Rusiya hava müdafiə sistemləri tərəfindən vurulmasına görə Kreml Azərbaycan dövlətindən və xalqından rəsmən üzr istəməlidir. Bir daha belə hadisələrin milli və dini zəmində ayrı-seçkilik və təzyiqlərlə müşayiət olunmayacağına dair təminat verməlidir. Rusiya törətdiyi yolverilməz hadisələrə görə beynəlxalq hüquq normaları çərçivəsində xoşməramlı addımlar atmalıdır".
Aygün Babayeva