Azərbaycan–Rusiya gərginliyi təhlükəli həddə çatır

Tarix: 13:13 02.07.2025
BMT Rusiya–Azərbaycan arasında artan gərginlikdən xəbərdardır. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
Hadisə ilə bağlı BMT-nin hələlik niyə heç bir rəsmi qınama bildirməməsi və Rusiya tərəfindən açıqlama tələb etməməsi ilə bağlı suala cavab olaraq sözçü baş verənlərdən tam xəbərdar olduqlarını bildirib:
“Azərbaycan ilə Rusiya Federasiyası arasında, xüsusilə sizin istinad etdiyiniz hadisə də daxil olmaqla, bir sıra insidentlər səbəbindən yaranmış gərginlikləri diqqətlə izləyirik. Ümid edirik ki, bu məsələlərin hamısı diplomatik kanallar vasitəsilə həll olunacaq”, – deyə o qeyd edib.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, beynəlxalq siyasi iradə mərkəzləri, o cümlədən BMT, Azərbaycan və Rusiya arasında gərginliyin artmaqda olduğunu müşahidə edirlər:
“Onlar bu gərginliyin təhlükəli bir mərhələyə keçə biləcəyini vurğulayırlar. Bu açıqlamalar hər iki tərəfə bir mesajdır: vəziyyəti daha da gərginləşdirmək yolverilməzdir.
Hazırda BMT məsələyə yalnız siyasi mesaj səviyyəsində münasibət bildirir. Lakin gələcəkdə, əgər qırmızı xətlər ciddi şəkildə aşılarsa, həm BMT, həm də digər beynəlxalq qurumlar daha sərt və konkret reaksiya verə bilərlər.
Azərbaycan və Rusiya arasında ardıcıl olaraq gərginliyə səbəb ola biləcək situasiya davam edir və hər iki tərəf geri çəkilmək istəmir.
Rəsmi Bakı tamamilə haqlıdır. Rusiya Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutur, vətəndaşlarımızı təzyiqlərə və zorakılıqlara məruz qoyaraq ölkəmizə təzyiq göstərməyə çalışır. Lakin Rəsmi Bakı öz mövqeyindən geri çəkilmək niyyətində deyil və Rusiyaya adekvat, simmetrik siyasi, diplomatik və hüquqi reaksiyalar verir. Bu isə Rusiyaya açıq mesajdır: artıq Cənubi Qafqazda onun hegemonluq dövrü başa çatıb və regionda zorakı metodlarla maraqlarını qorumaq mümkün deyil. Xüsusilə də Azərbaycanı siyasi iradəsinə boyun əyməyə məcbur etmək reallıqdan uzaqdır.
Rəsmi Bakı artıq Rusiyaya sərt və prinsipial reaksiyasını nümayiş etdirə bilib. Bu, Azərbaycan dövlətinin gücünü, mövqeyinin sabitliyini və iradəsinin möhkəmliyini göstərir.
Bundan sonra məsələ Rusiyanın qərarından asılı olacaq: o, Azərbaycan kimi önəmli bir regional liderlə münasibətləri normallaşdırmaq istəyirmi, yoxsa yox?”
Politoloq əlavə edib ki, Azərbaycan üçün Rusiyanın təsiri artıq əvvəlki kimi həlledici deyil:
“Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edir. Əgər siyasi-diplomatik vasitələrlə məsələnin həlli mümkündürsə, bunun üçün ilk addımı məhz Rusiya atmalıdır.
Rusiya, Azərbaycan mülki sərnişin təyyarəsinin vurulmasına və sonrakı qəbuledilməz addımlarına görə həm Azərbaycan dövlətindən, həm də xalqından üzr istəməlidir. Belə bir addım atılarsa, tərəflər arasında münasibətlərdə yumşalma meyilləri yarana bilər.
Hazırkı mərhələdə BMT-nin məsələyə birbaşa müdaxilə edəcəyi real görünmür. Çünki Azərbaycan və Rusiya arasında yaranmış bu ikitərəfli böhran hələlik BMT-nin hərəkətə keçməsini tələb edən səviyyədə deyil. Bu baxımdan bütün məsuliyyət Rusiyanın üzərindədir. Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq üçün siyasi addımlar atmağa məcburdur. Əks halda, Azərbaycan və Rusiya münasibətləri tamamilə pozula bilər".
Aytən Ağazadə