Ukrayna Aİ-yə üzvlük danışıqlarının qarşısının alınmasına imkan verməyəcək

Tarix: 17:15 02.07.2025
Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina bəyan edib ki, ölkəsi Avropa İttifaqına üzvlük prosesinin qarşısının alınmaması üçün bütün tərəfdaşlarla fəal işləyir.
Onun sözlərinə görə, Macarıstanın bu prosesi əngəlləməsi ilk növbədə siyasi xarakter daşıyır və Ukrayna bu istiqamətdə həll yolu tapmaq üçün fəal səylər göstərir.
“Bu məsələ daim gündəmdədir”, – deyə o bildirib.
Stefanişina qeyd edib ki, bütün məsələlər, o cümlədən milli azlıqlarla bağlı məsələlər dialoq yolu ilə həll olunmalı və Aİ institutlarında siyasi təzyiq alətinə çevrilməməlidir.
Baş nazirin müavini həmçinin vurğulayıb ki, Ukrayna ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar üçün altı klasterin hamısını açmaq üçün lazım olan bütün tələbləri yerinə yetirəcək. Artıq üç klaster üzrə hazır olduqlarını da qeyd edib.
“Hazırda danışıqların başlanması üçün konkret tarix Aİ-nin 27 üzv ölkəsinin konsensusundan asılıdır”, – deyə Stefanişina əlavə edib.
Mənbə: Caliber
Aytən Ağazadə