Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz-İran

Bölmə: Dünya › ,
Tarix: 17:19 02.07.2025

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, İranın nüvə sənayesi bombardman etməklə məhv edilə bilməz.

 

İran dövlət televiziyasına danışan İslami mövcud vəziyyətlə bağlı sualları cavablandırıb.

 

İslami, "Nüvə sənayesi bombardmanla məhv edilə bilən bir şey deyil. Bu, yerli və milli sənayedir. Onun tərəqqisi qətiyyətlə və fasiləsiz olaraq davam edəcək",-dedi.

 

İslami ABŞ-nin İranın nüvə obyektlərinə təşkil etdiyi hücumları dəyərləndirərək, "Əməliyyat Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ağır zərbədir. Bu, cəngəllik qanununun dünyada işlədiyini göstərir. Güclü deyilsinizsə, varlığınıza davam edə bilməzsiniz",-dedi.

 

İran parlamentinin bir müddət əvvəl qəbul etdiyi “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığın dayandırılması” qanunu bu gün prezident Məsud Pezeşkianın imzası ilə qüvvəyə minib.

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə prosesi

 

İyunun 13-də İsrail hərbçilərin yüksək komandanlığını, xüsusilə də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.

 

Hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirib.

 

İsrailin hücumlarında mülki vətəndaşların ümumi itkilərinin 935, yaralıların sayının isə 4870 olduğu bildirilib.

 

İsrailin məlumatına görə, İranın cavab olaraq həyata keçirdiyi raket hücumlarında 28 nəfər ölüb, 1272 nəfər yaralanıb.

 

İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə hücumlara başlayıb.

 

ABŞ-nin hücumuna cavab olaraq İran iyunun 23-də ABŞ-nin Qətərdəki El-Udeyd aviabazasına hücum edib.

 

ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli