“BANK OF BAKU” AZƏRBAYCANIN ÖZƏL ŞİRKƏTLƏRİNƏ İNANMIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:30 19.07.2016

Nəzrin Həsənova

Manatın dollara nisbətdə ucuzlaşmasından sonra bankların istehlak və digər növ kredit şərtlərini çətinləşdirməsi müştərilərin narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən müştərilər “Bank of Baku”nun verdiyi “bolkart” ı yeniləyə bilmədiklərindən şikayətlənirlər.
Bank of Bakunun müştərisi olan Ayşə İsazadə deyir ki, 3 il əvvəl “Bank of Baku”-ya müraciət edərək 500 manat dəyərində bolkart alıb. Həmin vaxtda özəl şirkətdə 250 manat məvacibə işləyən müsahibimi bank asanlıqla kartla təmin edib. Kartın istifadə müddəti bir ay öncə başa çatan müştəri kartını yeniləmək üçün banka müraciət edəndə aldığı cavab onu təəccübləndirib. Mayın 16-sında bankın əməkdaşı ilə əlaqə saxlayan Ayşə müsbət cavab almayıb. Səbəb kimi yeni şərtlər irəli sürülüb: “Hazırkı şərtlərə əsasən yalnız dövlət müəssisəsində işləyən və bankla əməkdaşlıq edən müəssisələrin işçiləri və 500 manatdan çox maaş alan müştərilər Bolkart əldə edə bilir”. Bu, bankdan Ayşə İsazadəyə verilən cavabdır.
Belə olan halda bizi bir sual düşündürür. Əvvəla, 500 manatdan artıq maaş alan insanın “Bolkart”a nə dərəcədə ehtiyacı ola bilər? İkinci, bankın əməkdaşlıq etdiyi müəssisələrin sayının az olduğunu nəzərə alsaq, bu şərtlər nə dərəcədə ədalətlidir? “Bolkart” sahibi olmaq istəyən digər müsahibimiz Sevda Kərim də eyni problemlə üzləşib. Cavab eynidir: “Kreditin və ya Bolkartın verilməsi zamanı rəsmi gəlir nəzərə alınır. Hazırki şərtlərə əsasən, Bolkartın verilməsi üçün rəsmi gəlir 500 AZN-dən aşağı olmamalıdır”. Bundan əlavə, müştəri maaş alırsa belə, iş yeri dövlət orqanı deyilsə, bank problem yaradır. Bu qayda tətbiq olunmamışdan əvvəl isə, asanlıqla bolkart əldə etmək mümkün idi. Kartdan düzgün istifadə edənlər bankın “dəyərli müştərilərinə” çevrilmişdi. Həmin müştərilər mənasız şərtlər səbəbindən indi dəyərsizləşiblər...
Sorğumuza cavab olaraq ekspert İldırım Qurbanov bunu 2015-ci ildə milli valyutanın dollar qarşısında 94 faiz dəyər itirməsilə əlaqələndirib. Nəticədə bank sektorunda durğunluq yaranıb, banklar kredit məhsullarına və vətəndaşlar üçün nəzərdə tutulan kredit kartlarına məhdudiyyətlər qoyub. İqtisadçı kredit kartlarından vəsait çəkməyin mümkün olmamasını da bununla bağlayıb. Vətəndaş karta kredit ödənişini edə bilir, amma vəsait çəkə bilmir. “Vətəndaşlar kredit kartlarını bağladı. Kredit kartına görə borcunu ödəyən vətəndaş yenidən vəsait çəkə bilmədiyi üçün kartı banka təhvil verdi və yaxud qeyri-aktiv olaraq özündə saxladı”.
Digər ekspert Əli Əhmədovun sözlərinə görə isə, “Bolkart” və bu kimi digər kredit kartları bank məhsulu sayılır. Məhsulun müəllifləri, indiki halda “Bank of Baku” onun şərtlərini müəyyən etməkdə sərbəstdir. O cümlədən bu kartın verilməsi şərtlərini müəyyən etməkdə də. “ 500 manat maaş alan adamın krediti qaytarmayacağı ehtimalı daha azdır, nəinki ondan az alanların. Əlbəttə, bu həm də məsuliyyət məsələsidir. Amma məsuliyyətləri eyni olsa da, maaşı daha yüksək olanlar krediti daha yaxşı ödəyəcəklər. Ona görə də, buradakı şərtləri ədalətsizlik saymıram. Üstəlik, bütün baş verənlərdən (problemli kreditlərin artmasını nəzərdə tuturam) sonra bankların belə şərtlər qoyması başa düşüləndir”.