Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 17:11 07.07.2025

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib. Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.


Söhbət zamanı bildirilib ki, Azərbaycan xalqı Ermənistanın torpaqlarımızı 30 il davam etmiş işğalı dövründə və Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyini yüksək qiymətləndirir.


İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın dövlət rəhbərlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci sammitində iştirakı dostluğumuzun növbəti nümunəsidir.