"Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir"

Tarix: 14:24 08.07.2025
Rusiya aktivlərinin dondurulmuş hissəsinin Ukraynanın iqtisadiyyatı və müdafiəsini gücləndirmək üçün istifadəsi həm qanuni, həm də zəruri addımdır. Bununla belə, Avropa bu aktivlərin müsadirəsi üçün dərhal hərəkətə keçməlidir, bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Frenç Hill “Faynənşl Tayms” üçün yazdığı məqaləsində bildirib. Hill qeyd edib ki, Brüsseldə keçirilən Avropa Şurasının son iclası Moskvanı Ukraynaya qarşı təcavüzə görə cavab verməyə məcbur etməyib. Halbuki həmin görüş Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün imkan yarada bilərdi. Buna baxmayaraq, onun fikrincə, Avropa hələ də gecikməyib və hərəkət edə bilər. Onun bildirdiyinə görə, Avropa Şurası Avropada dondurulmuş təxminən 258 milyard avro dəyərində Rusiya aktivlərini Ukraynaya dəymiş ziyanın ilkin kompensasiya ödənişi kimi müsadirə etməyə razılaşmalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, indiyə qədər bu tipli açıqlamalar dəfələrlə verilib:
"Artıq Rusiya-Ukrayna müharibəsinin başlanmasından üç ildən çox vaxt keçib. Bu müddət ərzində bir neçə dəfə bu cür tədbirlər, sammitlər keçirilib. Amma heç birində Rusiyaya qarşı gözlənilən addımlar atılmayıb. Avropa daim ikibaşlı mövqe sərgiləyir. Bu tipli açıqlamalar daha çox imitasiya xarakteri daşıyır. Amerikanın, xüsusilə də Trampın hakimiyyətə gəlməsindən sonra bu proseslərdə oynadığı rol artıq hamıya bəllidir. Sanki Avropa Rusiyanın sıradan çıxmasını istəmir. Doğrudur, 258 milyard avro dəyərində vəsait kifayət qədər böyük məbləğdir. Bu, Ukraynanı düşdüyü ağır vəziyyətdən çıxara, dağılmış iqtisadiyyatını və şəhərlərini bərpa edə bilər. Lakin bu 258 milyardın müsadirəsi mümkündürmü? Bu, hələ də müəmmalı bir məsələdir. Təbii ki, bu maliyyə vəsaitlərinə həbs qoyula bilər. Amma onların tam müsadirə olunaraq Ukraynanın iqtisadiyyatına və müdafiə qabiliyyətinin artırılmasına sərf edilməsi asan məsələ deyil. Çünki söhbət xırda ölkələrdən yox, dünyanın əsas super güclərindən biri olan Rusiyadan gedir. Rusiyanın aktivlərini dondurmaq mümkündür, lakin onları istifadə etmək — xüsusilə də Ukraynanın xeyrinə — real görünmür. Bundan əlavə, Avropa hələ də Rusiya qazından asılıdır. Avropanın bir çox ölkələrinin Rusiya ilə sıx ticarət və iqtisadi əlaqələri mövcuddur. Belə bir şəraitdə, xüsusilə də rus qazından asılı olan ölkələr bu addıma qarşı çıxacaqlar. Çünki onlar bunu özləri üçün potensial təhlükə hesab edirlər. Nəticə olaraq Avropa parçalanmış və zəif görünür. Qərb müttəfiqləri artıq əvvəlki kimi birgə və yekdil deyillər. Onlar arasında fikir ayrılıqları dərinləşib. Belə bir şəraitdə Rusiyaya məxsus aktivlərin Ukraynaya yönəldilməsi real görünmür. Düşünürəm ki, bu tip açıqlamalar sadəcə Ukraynanın ruhunu oxşamaq üçündür. Bu tərəddüdlər davam edəcək və gələcəkdə də həmin aktivlərin Ukraynaya yönəldilməsi mümkün olmayacaq. Hətta müharibə başa çatdıqdan sonra belə, bu vəsaitlərin taleyi ilə bağlı qərarın Rusiyanın xeyrinə veriləcəyini, yəni həmin milyardlara yenidən Rusiyanın sahib çıxacağını görəcəyik. Çünki Qərb ikiüzlüdür. İndiyə qədər Gürcüstanı qurban verdilər, ardınca Ukraynanı. 2022-ci ildə də Ukraynanı meydanda tək qoydular. Bu kimi addımlar Rusiya ilə münasibətlərə ciddi təsir göstərə bilər. Hazırkı şəraitdə isə belə qərarlar qeyri-mümkün görünür. Ona görə də çalışmaq lazımdır ki, Avropanın toruna düşməyəsən".
Qəmər Kazımzadə