Gürcüstan və Özbəkistan XİN başçıları 2025-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar

Tarix: 19:14 08.07.2025
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və onun özbəkistanlı həmkarı Bəxtiyor Saidov 2025-2026-cı illər üçün İdarələrarası Əməkdaşlıq Proqramını imzalayıblar.
"İnformator.az"ın Gürcüstan Xarici İşlər Nazirlitinə (XİN) istinadən verdiyi məlumata görə, görüşdə tərəflər dostluq əlaqələrini daha da möhkəmləndirmək və tərəfdaşlığı genişləndirmək istəklərini təsdiqləyiblər.
Xarici siyasət idarələrinin rəhbərləri ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsini müzakirə edərək, Orta Dəhlizin inkişafında Gürcüstan və Özbəkistanın birgə iştirakının vacibliyini vurğulayıblar. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti də yüksək qiymətləndirilib.
Nazirlər təhsil, elm, mədəniyyət, turizm, idman və parlamentlərarası əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Regional təhlükəsizlik məsələlərinə, regionda sülhün və sabitliyin qorunmasının zəruriliyinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, özbəkistanlı nazir Gürcüstana səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, iqtisadiyyat naziri Mariam Kvirivişvili, təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə də görüşlər keçirəcək.