Özümüzə doğru

Bölmə: Maraqlı › ,
Tarix: 14:06 04.05.2017

Ayişə Məmmədova

Həyat çox qısadı. Amma hamımız onu sonsuz bilib yaşayırıq. İnsanlara bağlanmaqdansa, əşyalara bağlanırıq. Söhbət etmək yerinə susmağı seçirik. Ən yaxınlarımızla belə vaxt keçirəndə mobil telefonlara öncəlik veririk. Birlikdə danışmağı, əylənməyi, dərdləşməyi, paylaşmağı unuduruq. Beləliklə də hamı özünü yalnız hiss edir.
Xoşbəxt olduğumuzu belə telefon yardımı ilə bildiririk. Yaşadığımız anın dadını çıxarmaq əvəzinə şəklini çəkib göstərməyi üstün tuturuq. Bəlkə də özümüzə yaxud ayrı birinə nəsə isbatlamağa çalışırıq, yalnız olduğumuzu gizlətməyə səy göstəririk.
Hamı həmişə uşaqlığını xatırlayır və yenidən o zamanlara qayıtmaq istəyir. Əslində bu arzunun səbəbi uşaqlıqda daha sərbəst olmağımızdı. Həmin vaxtlar gülmək ya ağlamaq üçün özümüzü sıxmırdıq, nəvaziş istəməkdən utanmırdıq, paylaşmaqdan çəkinmirdik. Amma indi dost-düşmən var deyərəkdən duyğularımızı gizlədirik. "Artıq böyümüşük" deyib sevgi göstərməkdən, qayğıya ehtiyacımız olduğunu deməkdən utanırıq. Rəqabət adıyla paylaşmaqdan, bildiklərimizi öyrətməkdən imtina edirik. Bir sözlə özümüzü çərçivələyirik. Arzularımıza, ümidlərimizə böyük pəncərədən baxmırıq, əvəzinə bəhanələr uydurmağı xoşlayırıq, "mentalitet" adlı anlayışı kənardan gələn suallara qarşı qalxan kimi təqdim edirik. Amma dilimizdə hər zaman bu "qalxanı" qırmaq istədiyimizi deyirik.
Həyatın qısa olduğunun fərqinə varmalıyıq. Doyunca gülməli, çiyin-çiyinə ağlamalıyıq, bir-birimizə dəstək olmalıyıq. Heç birimizin arzularını kiçik görməkməsək, onları məqsədə çevirməyə çalışsaq daha gözəl həyatımız ola bilər. Birimiz digərindən inciyəndə belə dilə gətirməli, içimizə atıb soyuqluq yaranmasına imkan verməməliyik. Ən əsası isə susmaqla ünsiyyət qurmağı tərgitməli, danışaraq yola getməyi öyrənməliyik. Bir-birimizin halını soruşmağı vərdiş halına gətirsək problemlərimizin azaldığını görərik. Çünki insan dərdini paylaşanda əlac tapa bilməsə belə rahatlıq tapır.
"Necəsən" - ləri hətta doğmalarımızdan əsirgədiyimiz bir zamanda dəyişməyi ətrafımızdan gözləməməli, elə bizdən başlamalıyıq. Bu dəyişim şəxsiyyətimizə yox davranışlarımıza istiqamətlənmiş olmalıdır. Özümüz olmaqdan çəkinməməli, başqasına oxşmağa çalışmamalıyıq. Fərd olaraq bizi ilk sevən elə biz olmalıyıq. Çünki insan özünü sevdikdə ona nəyin uyğun olduğunu asanlıqla sezə bilir.
Aqresiv olmaq yerinə səbrli, mehriban olmağı yoxlasaq pis olmaz. Üzr istəməkdən çəkinməməli, heç nə üçün gec olduğunu düşünməməliyik. Bilmədən mühakimə etməzdən əvvəl bir qədər düşünmək lazımdır. Ən əsası eqolarımızı kənara atmağı bacarmalıyıq. Barışmağı, sevməyi, hörmət etməyi, danışmağı, dinləməyi, öyrətməyi adət halına döndərmək üçün səy göstərməlidir. Hərəmiz öz dünyamızı gözəlləşdirməyə çalışsaq, "mən" , "sən" , "o" olmaqdan çıxaraq "biz" ola bilərik. Gəlin elə gülümsəməkdən başlayaq.