Avropa İnsan Haqları Məhkəməsi Rusiyanı təyyarənin vurulmasında təqsirli bilib

Tarix: 16:49 09.07.2025
Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanı 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus təyyarənin vurulmasında və elə həmin il Ukraynanın şərqində baş verən insan haqlarının pozulmasında təqsirli bilib.
AİHM Hollandiya və Ukraynanın Rusiyaya qarşı verdiyi üç ayrı ərizə üzrə birgə dinləmə keçirib.
AİHM Rusiyanı 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus təyyarənin vurulmasında və elə həmin il Ukraynanın şərqindəki Donbas bölgəsində baş verən insan haqlarının pozulmasında günahkar bilib.
Məhkəmə qərara alıb ki, Rusiya “münaqişənin olmadığı bir dövrdə ukraynalı mülki şəxsləri və əsgərləri edam etmək”, “işgəncələr törətmək”, “mülki əhalinin qanunsuz yerdəyişməsi” və “mülkiyyətin dağıdılması, talan edilməsi və zorla ələ keçirilməsi” ilə bağlı məsuliyyət daşıyır.
AİHM Moskva hökumətinə “Rusiyanın nəzarəti altında olan və ya Ukraynada Rusiya qüvvələri tərəfindən işğal olunmuş ərazidə” bütün məhbusları azad etməyi və Ukraynadan Rusiyaya aparılan uşaqların şəxsiyyətinin müəyyən edilməsi üçün müstəqil beynəlxalq mexanizmin yaradılmasında əməkdaşlıq etməyi tapşırıb.
Rusiya ilə bağlı bu qərarı AİHM-in 17 hakimdən ibarət Böyük Palatası verib.
2023-cü ilin yanvarında AİHM 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus MH17 reysinin Ukraynada vurulması ilə bağlı Hollandiyanın müraciətlərini, eləcə də Ukraynanın mart ayından Ukraynanın mülki əhalisinə qarşı “qanunsuz hərbi hücumlar”, “edamlar və işgəncələr”lə bağlı müraciətlərini qismən qəbul edib.
Ukrayna 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AİHM-ə də müraciət edib.
2014-cü il iyulun 17-də 283 sərnişin və 15 ekipaj üzvü ilə Amsterdamdan Kuala-Lumpura uçan "MH17" reysi Ukrayna-Rusiya sərhədindən 40 kilometr aralıda vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
Hollandiya, Avstriya, Belçika, Ukrayna və Malayziyadan ibarət Beynəlxalq Birgə Təhqiqat Qrupu (JIT) Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynada Rusiya hərbi raketi ilə vurulduğunu müəyyən edib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli