ABŞ erməni biznesmeni "qara siyahı"ya salıb

Tarix: 18:58 09.07.2025
ABŞ kibercinayətkarlıqla mübarizə adı altında Rusiya və KXDR vətəndaşlarına və bu iki ölkədə yerləşən dörd firmaya qarşı sanksiyalar tətbiq edib.
Bildirilib ki, Rusiya vətəndaşı Qayk Asatryan və KXDR vətəndaşı Sonq Kum Hyoka “qara siyahı”ya salınıb.
Bundan əlavə, Rusiyanın “Asatryan” və “Fortuna” firmalarına, həmçinin KXDR-də yerləşən “Korea Saenal Trading Corporation” və “Korea Songkwang Trading General Corporation”a qarşı sanksiyalar tətbiq edilib.
Mövzu ilə əlaqədar politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiya və KXDR vətəndaşları ilə yanaşı, bu ölkələrdəki firmalara qarşı tətbiq etdiyi yeni sanksiyalar təsadüfi deyil, açıq mesaj daşıyır:
“Qara siyahıya alınan erməni əsilli Rusiya vətəndaşı Qayk Asatryan və KXDR nümayəndəsi Sonq Kum Hyok simvolik fiqurlar kimi seçilib. Biri Moskva ilə, digəri Pxenyanla qaranlıq texnoloji şəbəkələrin üzvüdür. ABŞ bu qərarla həm kibercinayətkarlığa qarşı sərt mövqe sərgiləyir, həm də Rusiya-KXDR əlaqələrinin artan koordinasiyasına "dur" demək istəyir”
Ekspertin sözlərinə görə, Vaşinqton bu sanksiyalarla Şimali Koreyanın raket və silah proqramlarına Rusiya vasitəsilə gedən texnoloji dəstəyi kəsməyə çalışır:
“Çünki bu əməkdaşlıq təkcə ABŞ-nin deyil, onun müttəfiqlərinin – Yaponiya və Cənubi Koreyanın da təhlükəsizliyini təhdid edir. Sanksiyalar, eyni zamanda, Kremlin alternativ iqtisadi və texnoloji yollarla izolyasiyanı sındırmaq cəhdlərini boğmaq məqsədi güdür. Bütün bunlar ABŞ-nin regiondakı hegemon statusunu qorumağa yönəlib. Vaşinqton həm də Çinə, “biz buradayıq və bölgəni nəzarətdə saxlayırıq” mesajını ötürür. Sanksiyaların vaxtı da diqqətçəkicidir. Ukrayna savaşında Rusiyanın KXDR ilə hərbi alış-verişi haqda yayılan xəbərlərlə üst-üstə düşür. ABŞ istər regional güc balansını, istərsə də beynəlxalq kibertəhlükəsizlik çərçivələrini qorumağa çalışır. Bu addım həm siyasi, həm texnoloji, həm də geostrateji cəbhədə çoxqatlı mesaj daşıyır. Açıq şəkildə bildirilir: Rusiya-KXDR oxu getdikcə güclənirsə, ABŞ-də qarşısında blok yaratmağa hazırdır”.
Asiman Vəliyeva