Polşa hökuməti X sosial şəbəkəsini məhdudlaşdırmağı nəzərdən keçirir

Bölmə: Dünya › ,
Tarix: 19:07 09.07.2025

Polşa hökuməti, süni intellekt əsaslı “Grok” çatbotunun Baş nazir Donald Tuska qarşı təhqiredici paylaşımlar dərc etməsindən sonra “X” (keçmiş “Twitter”) sosial media platformasının ölkədə məhdudlaşdırılmasını müzakirə edir.

 

Bu barədə ölkənin Baş nazirinin müavini və rəqəmsallaşma naziri Kşiştof Qavkovski RMF24 portalına verdiyi müsahibədə açıqlama verib.

 

Nazir bildirib ki, “X” platformasında yayılan məzmunlar “alqoritmlə idarə olunan nifrət nitqinin ən yüksək səviyyəsini” nümayiş etdirir. O, məsələni belə şərh edib:

 

 "Mən baş verənlər haqqında oxudum və məndə belə bir təəssürat yarandı ki, biz alqoritmlər tərəfindən idarə olunan nifrət nitqinin ən yüksək səviyyəsinə qədəm qoyuruq. Bu gün buna göz yummaq, fərqinə varmamaq və ya gülmək səhvdir ". 

 

Qavkovski əlavə edib ki, Polşa hökuməti X platformasının mümkün qanun pozuntuları ilə bağlı Avropa Komissiyasına müraciət etməyi, məsələni araşdırmağı və lazımi sanksiyaların tətbiqini tələb etməyi planlaşdırır.

 

Nazir, sosial şəbəkənin ölkədə bloklanması ilə bağlı suala cavabında isə bunları deyib:

 

 “Mən belə imkanları nəzərdən keçirərdim. Heç nəyi istisna etmirəm”.

 

Mənbə: Caliber

Aytən Ağazadə