Rusiya Ukraynanı mina istifadə etməkdə günahlandırır

Tarix: 20:19 09.07.2025
Moskva, Ukraynanın piyada əleyhinə minaların istehsalı və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmasını döyüş meydanında vəziyyəti dəyişdirməyə təsir etməyəcək bir addım kimi qiymətləndirib.
Ukrayna ötən ay bu konvensiyadan çıxaraq 40 aydır davam edən müharibədə Rusiyanın taktikasını səbəb göstərib. Kiyev bildirir ki, münaqişə dövründə Rusiya geniş şəkildə minalardan istifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Ukraynanı konvensiyadan çıxmazdan əvvəl də öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Onun sözlərinə görə, Ukrayna 2010-cu ildən etibarən piyada əleyhinə mina ehtiyatlarını məhv etməli idi, lakin bu öhdəliyi yerinə yetirməyib. Zaxarova əlavə edib ki, Ukraynanın konvensiyadan çıxması yalnız münaqişə başa çatdıqdan sonra qüvvəyə minəcək.
Digər tərəfdən, NATO üzvləri olan Litva və Finlandiya gələn ildən öz ölkələrində piyada əleyhinə mina istehsalına başlamağı planlaşdırır. Hər iki ölkə həm özlərini, həm də Ukraynanı mina ilə təmin etmək məqsədilə Ottava Konvensiyasından çıxmaq üçün altı aylıq rəsmi prosedura start verib. Bu addımlar Rusiyadan gələn hərbi təhdidlər fonunda atılıb.
ANEWZ
Gülhüseynova Güllər