Azərbaycan "yaşıl artım" və rabitəlilik mərkəzinə çevrilir-EBRD

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:35 10.07.2025

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze ölkənin maliyyə qurumları ilə tərəfdaşlığın genişləndirilməsini vurğulayıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, onun sözləri EBRD-nin Azərbaycan üzrə rüblük bülletenində yer alıb.

 

Bildirilib ki, bu, onların yerli biznesə kredit vermək və inklüziv iqtisadi artıma töhfə vermək imkanlarını gücləndirməyə yönəlib.

 

"Londonda keçirilən illik görüşümüzdə (2025-ci ilin mayında - red.) "Ölkənin investisiya perspektivləri" mövzusunda sessiyada iştirak etmək üçün Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Bu sessiya Azərbaycanın "yaşıl artım" və bağlantı üzrə regional mərkəz kimi artan rolunu vurğulayıb", - N.Mouravidze qeyd edib.

 

EBRD-nin Azərbaycandakı cari kredit portfeli mayın 31-nə 991 milyon avro məbləğində qiymətləndirilir.

 

Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,783 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,132 milyard avro təşkil edib.

 

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % (43 milyon avro) çoxdur.