Rusiya iqtisadiyyatı çökmə riski ilə üz-üzə-Putinin ümidsizliyi nədən qaynaqlanır?

Tarix: 13:38 21.07.2025
"Rusiya hər şeyi neft və qaz gəlirləri ilə alarsa, rəqabət qabiliyyətini və onun ardınca suverenliyini də itirə bilər".
Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Əgər biz hər şeyi neft və qazla alsaq, indi vəziyyət elədir ki, onlar həm nefti, həm də qazı kəsməyə çalışırlar. Belə halda, Rusiya sadəcə olaraq rəqabət qabiliyyətini, bunun ardınca isə öz suverenliyini itirəcək", - deyə Putin vurğulayıb.
Aşağı neft qiymətləri fonunda 2020-ci ildə ilk dəfə Rusiya ixracında karbohidrogenlərin payı 50%-dən aşağı düşüb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya iqtisadiyyatının karbohidrogen ehtiyatlarından və ümumilikdə faydalı qazıntılardan asılılığı təxminən 70-80 faiz təşkil edir:
"Belə bir asılılıq şəraitində Qərbin tətbiq etdiyi sanksiyalar, xüsusilə də idxal imkanlarını ciddi şəkildə məhdudlaşdırarsa, ölkə daxilində kəskin maliyyə böhranı qaçılmaz olacaq. Bu böhran isə zamanla sosial narazılıqlara, daha sonra isə siyasi hakimiyyətin sarsılması və hətta çöküşünə gətirib çıxara bilər.
Vladimir Putinin də bu ssenarini ciddi şəkildə nəzərə aldığı ehtimal olunur. Xüsusilə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiya paketi Kreml rəhbərliyini dərin narahatlığa salıb. Qeyd olunan sanksiyalar çərçivəsində Rusiyanın neft və qaz daşıyan “kölgə donanması”nın onurğa sütunu qırılıb. Artıq heç bir ölkədə qeydiyyatda olmayan, qeyri-rəsmi yollarla neft daşıyan bu donanmaların hərəkətinə ciddi qadağalar tətbiq olunub. Bu isə Rusiya üçün böyük iqtisadi zərbədir və proses ölkə iqtisadiyyatının sürətlə dağılmasına səbəb ola bilər.
Unutmayaq ki, iqtisadiyyat dövlətin bazasıdır, siyasət isə bu baza üzərində qurulan üst qurumdur. Əgər iqtisadi baza çöksə, siyasi sistem də ayaqda qala bilməz. Mövcud reallıqlar fonunda Rusiyanın sanksiyalara uyğunlaşması olduqca çətin və mürəkkəb prosesdir. Çünki ölkədəki avtoritar siyasi struktur çevik iqtisadi keçidlərin həyata keçirilməsi üçün uyğun deyil.
Son 30 ildə Rusiyadan milyonlarla alim, mütəxəssis və iqtisadi potensiala sahib insan müxtəlif səbəblərlə ölkəni tərk edib. Hazırda da bu beyin axını davam edir. Eyni zamanda Rusiya öz karbohidrogen ehtiyatlarını və digər faydalı qazıntılarını da əvvəlki kimi sərbəst şəkildə realizə edə bilmir. Bu isə Moskvanın vəziyyətini daha da çıxılmaz edir.
Reallıq budur ki, son onilliklərdə ölkəni tərk etmiş intellektual resursları geri qaytarmaq və bu potensialdan iqtisadiyyatın dirçəldilməsi üçün istifadə etmək artıq qeyri-mümkün görünür. Bu səbəbdən, prezident Putinin gələcəklə bağlı ümidsizliyə qapılması təsadüfi deyil. Onun narahatlıqları real və obyektiv faktlara əsaslanır".
Aytən Ağazadə