Azərbaycanın şəhərsalma strategiyası Nyu-Yorkda BMT forumunda təqdim olunub

Bölmə: Dünya › ,
Tarix: 17:17 22.07.2025

21 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Anar Quliyev Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb.


Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.