30 iyul – İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə sığınacağa info-tur təşkil olunub

Tarix: 12:02 31.07.2025
30 iyul 2025-ci il tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən və İAQMBİ-yə bilavasitə tabe olan sığınacağa info-tur təşkil olunub. Səfər Koalisiyanın müraciəti əsasında həyata keçirilib.
Tədbirdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları – polis polkovniki Samir Qarayev və polis polkovniki İbrahim Əhmədov, eləcə də Koalisiyanın üzv təşkilatlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə sığınacağın rəhbəri Gülayə Səfərova müşayiəti ilə müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara burada insan alveri qurbanları üçün yaradılmış sosial, psixoloji və peşə reabilitasiyası imkanları barədə ətraflı məlumat verilib. Daha sonra qonaqlar sığınacaq sakinlərinin hazırladıqları əl işlərinə baxış keçirib, onların məşğul olduqları digər fəaliyyətlərlə tanış olublar.
Tədbirdə çıxış edən Koalisiyanın sədri Mehriban Zeynalova insan alveri ilə mübarizənin hər kəsin üzərinə ciddi məsuliyyət qoyduğunu vurğulayıb:
“Bu sahədə dövlət qurumları, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti qurbanların müdafiəsi və reabilitasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.”
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Samir Qarayev də çıxışında qeyd edib ki, bu mübarizənin effektiv şəkildə aparılması yalnız hüquq-mühafizə orqanlarının işi ilə məhdudlaşmamalıdır:
“İnsan alverinə qarşı mübarizə istiqamətində bütün qurumların, qeyri-hökumət təşkilatlarının və ümumilikdə cəmiyyətin birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.”
Səfərin sonunda iştirakçılar insan alveri qurbanlarının sosial reinteqrasiyasının gücləndirilməsi, onların hüquqlarının müdafiəsi və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.