Çindən ABŞ-nin təhdidlərinə cavab: Rusiyadan neft alışı...

Bölmə: Siyasət › ,
Tarix: 20:42 31.07.2025

 

Çin ABŞ-nin mümkün 100 faizlik rüsumlarla bağlı xəbərdarlıqlarına baxmayaraq, Rusiyadan neft almağa davam edəcək. Bu barədə “Röyters” agentliyi Çin rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Çin hökuməti neft alışı ilə bağlı qərarları yalnız daxili siyasətə uyğun şəkildə qəbul edir.Qeyd edək ki, daha öncə ABŞ Çini Rusiyadan neft alışını davam etdirəcəyi təqdirdə, sanksiya və rüsumlarla təhdid edib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, bir müddət əvvəl ABŞ hökuməti bir sıra ölkələrə, xüsusilə də Rusiya-Ukrayna müharibəsində bitərəf mövqe sərgiləyən dövlətlərə müraciət edərək müəyyən iqtisadi xəbərdarlıqlar edib:

 

“Daha dəqiq desək, bu bəyanatlarda təhdid elementləri də hiss olunub. Rəsmi Vaşinqton həmin ölkələri iki seçim qarşısında qoyub: ya ABŞ-nin tərəfdaşı olub Ukraynaya maliyyə dəstəyi göstərmək, ya da yüksək gömrük tarifləri ilə üzləşmək. Bu çağırışdan sonra bəzi ölkələr neytral mövqelərini qoruyub saxlayıb. Digərləri isə ABŞ-lə ticari əlaqələri dərinləşdirməyə üstünlük verib. Xüsusilə də iqtisadiyyatının əsas gəlir mənbəyi neft olan dövlətlər bu istiqamətdə fəallıq göstərib. Məsələn, Bəhreyn ABŞ-də müəyyən sahələrə milyonlarla dollar sərmayə yatırıb”.

 

Günay Hüseynova qeyd edib ki, digər tərəfdən, idxaldan asılı olmayan, geniş ticarət tərəfdaşlarına və beynəlxalq nüfuza malik ölkələr ABŞ-nin təzyiqlərinə baxmayaraq Rusiya ilə əməkdaşlığı davam etdirib:

 

“Bu ölkələrdən biri də Çindir.Çin rəsmilərinin son açıqlamaları da bu baxımdan gözlənilən olub. Bu bəyanatlardan Çinin Rusiya ilə əməkdaşlığa xüsusi can atdığı və ya münasibətləri pozmaq istədiyi nəticəsi çıxarılmamalıdır. Əslində həm Çin, həm də ABŞ tərəfdən verilən açıqlamalar bir-birinə qarşı iqtisadi təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. Son 15 ildə müşahidə olunan tendensiya göstərir ki, dövlətlər artıq hərbi qarşıdurmalardan uzaq durur, bunun əvəzində iqtisadi yollarla təsir gücünü artırmağa çalışırlar. Çin və ABŞ arasında baş verənlər də bu kontekstdə iqtisadi mübarizənin bir formasıdır.Rusiya ilə Çin arasında neft ticarətinin qlobal enerji bazarına ciddi təsir göstərəcəyini düşünmürəm. Doğrudur, hazırda enerji qiymətlərində müəyyən artım müşahidə olunur və bu da qlobal inflyasiyaya səbəb ola bilər. Enerji qiymətlərindəki artım, xüsusilə istehsal müəssisələrində mal və xidmətlərin maya dəyərinə təsir etməklə, ümumi qiymət artımını şərtləndirə bilər. Lakin bu artım təkcə Çin-Rusiya əməkdaşlığı və ya ABŞ sanksiyaları ilə izah oluna bilməz. Bu, daha çox qlobal miqyasda enerji və iqtisadi balansdakı dəyişikliklərlə bağlıdır”.

 

İqtisadçı ekspert açıqlamasında bildirib ki, ABŞ-nin tətbiq etdiyi 100%-lik rüsumlar, təbii ki, müəyyən dərəcədə qiymət artımına səbəb olacaq:

 

“Lakin bu, qlobal bazarda ciddi dəyişikliklər yaradacaq səviyyədə deyil. Çin yalnız ABŞ-dən deyil, dünyanın bir çox ölkəsindən məhsul idxal edir və müxtəlif ticari tərəfdaşlara malikdir. Bundan əlavə, Çin iqtisadi modeli və sənaye siyasəti onu xarici təsirlərdən müəyyən qədər qoruyur. Ucuz işçi qüvvəsi və inkişaf etmiş texnoloji imkanlar sayəsində Çin məhsulların maya dəyərini aşağı səviyyədə saxlaya bilir. ABŞ-nin tətbiq etdiyi tariflər müəyyən təsir göstərsə də, Çin iqtisadiyyatını çökmə həddinə gətirəcək gücdə deyil. Hazırkı vəziyyət, xüsusilə də ABŞ-nin Rusiya və digər ölkələrə qarşı tətbiq etdiyi iqtisadi təzyiqlər, Çin üçün müəyyən üstünlüklər yaradır. Bir çox ölkələr Rusiya ilə əməkdaşlıqdan imtina etdikcə, Çin alternativ bazarlara çıxış imkanlarını genişləndirir. İstehsalçıların və təchizat zəncirlərinin çoxsaylı olması bu prosesi daha da asanlaşdırır. Məsələn, bir məhsul təkcə Çində deyil, Malaziyada və digər ölkələrdə də istehsal oluna bilir. Bu səbəbdən qlobal miqyasda ciddi dəyişikliklərin baş verəcəyi ehtimalı azdır”.

 

Günay Hüseynova son olaraq açıqlamasına əlavə edib ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar Çinə təsirsiz ötüşmür:


“Lakin Çin iqtisadiyyatı bu təzyiqlərə qarşı davamlıdır. Ölkənin dövlət büdcəsi əsasən sənaye və ticarətdən formalaşır. Çin idxaldan asılı deyil, daxili resurslarla özünü təmin etmək gücündədir. Bundan əlavə, geniş xarici ticari tərəfdaş şəbəkəsi və innovativ potensialı sayəsində bu təhdidlərə qarşı müqavimət göstərə bilir. Nəticə etibarilə, ABŞ-nin sanksiyaları Çinin iqtisadiyyatını çökdürə biləcək səviyyədə deyil”.

Ləman Mahmudlu