Kanada Fələstini dövlət kimi tanıyacaq

Tarix: 20:47 31.07.2025
"2025-ci ilin sentyabrında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırırıq. Bunu etmək niyyətindəyik. Çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb", - Karni deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Kanadanın atdığı bu addım beynəlxalq hüquqa, mövcud reallıqlara və BMT prinsiplərinə tam uyğun gəlir:
"Fələstinin dövlət kimi tanınmasına artıq çoxdan ehtiyac yaranmışdı və dünyanın aparıcı dövlətləri bunu daha əvvəl etməli idilər. Kanada kimi BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkənin bu addımı atması, Fələstinlə bağlı qlobal proseslərə ciddi təkan verəcək. Çünki Kanadanın Fələstini tanıması ilə adi bir dövlətin bu addımı arasında fərq var. Kanadanın atacağı bu addım, Fələstin məsələlərinin beynəlxalq səviyyədə irəliləməsini sürətləndirə bilər. Fikrimcə, bu qərarın arxasında həm Kanada üçün daxili və xarici mesajlar var, həm də digər ölkələri Fələstini tanımağa təşviq etmək niyyəti dayanır. Fələstinin dövlət kimi tanınması BMT-nin prinsiplərinə, nizamnaməsinə və 80 il əvvəl qəbul olunmuş qətnamələrə tam uyğun gəlir. Kanada əslində qeyri-adi bir qəhrəmanlıq etmir, sadəcə olaraq BMT-nin prinsiplərinə və Fələstinlə bağlı qətnamələrinə uyğun hərəkət edir və bu da tamamilə normal addımdır. İsrailin apardığı mövcud siyasət isə Fələstinin dövlət kimi tanınmasından imtinaya daha çox bənzəyir. Belə bir şəraitdə Fələstinin dövlət kimi İsrail tərəfindən tanınmaması Yaxın Şərqdəki vəziyyətin daha da kəskinləşməsinə, müharibə risklərinin və ümumi qlobal münaqişə ehtimalının artmasına səbəb ola bilər. Bu gün müsəlman dövlətləri Fələstinin tərəfində kifayət qədər aktivlik nümayiş etdirmirlər. Lakin İsrailin Fələstinin hüquqlarını və dövlət kimi tanınmasını rədd edən siyasətinin dərinləşməsi, nəticə etibarilə müsəlman dövlətlərinin ümumi şəkildə İsrailə qarşı çıxması kimi arzuolunmaz bir reallığın gerçəkləşməsinə səbəb ola bilər. Bu isə dünyada "İsrail–müsəlman müharibəsi" adlandırıla biləcək ciddi bir təhlükənin tam reallığa çevrilməsinə gətirib çıxara bilər. Eyni zamanda, Kanadanın məhz indi belə bir addım atması bəzi Avropa dövlətlərinin mövqeyindən təsirlənməsi kimi də dəyərləndirilə bilər. Çünki Avropanın bir sıra ölkələri artıq Fələstini tanımaq mövqeyindədirlər və bir neçəsi bunu açıq şəkildə bəyan edib.
Son olaraq, Böyük Britaniya da məsələyə konkret yanaşaraq bildirib ki, əgər Qəzzadakı genosid dayandırılmasa, İsrailə qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. Hətta Britaniyanın özü də Fələstin dövlətini tanımaq məsələsini gündəmə gətirib. Beləliklə, Avropa ölkələrinin mövqeyi Kanadanın qərarına təsir etmiş ola bilər. Eyni zamanda, Kanadanın ABŞ ilə münasibətlərində hələ də tam həll olunmamış və ya Kanadanı qane etməyən məsələlər də bu ölkəni belə bir addım atmağa sövq etmiş ola bilər. Əgər Trampın Kanadaya tətbiq etdiyi ticarət rüsumları və digər iqtisadi təzyiqlər əvvəllər baş vermiş olsaydı, yəqin ki, Kanada belə bir addım atmazdı. Lakin bu gün Tramp administrasiyasının ticarət məsələsində Kanadaya qarşı sərt mövqe tutması və əlavə rüsumlarla yükləməsi, fikrimcə, Kanadanın belə bir qərar verməsini stimullaşdırmış ola bilər.
Aydın məsələdir ki, Kanadanın Fələstini dövlət kimi tanıması ABŞ-nin Yaxın Şərqdəki siyasət maraqlarına və prinsiplərinə uyğun deyil. Ehtimal ki, bu addımdan sonra Kanada ilə ABŞ arasında münasibətlərdə müəyyən soyuqluq yaşana bilər. Çünki açıq şəkildə ABŞ hələlik Fələstinin dövlət kimi tanınmasını istəmir, əsas səbəb isə İsrailin buna hazır olmamasıdır. Lakin Kanadanın atdığı bu addım beynəlxalq hüquqa, mövcud reallıqlara və BMT prinsiplərinə tam uyğun gəlir. Bu addımın hansı nəticə verəcəyindən asılı olmayaraq, Fələstinin dövlət kimi tanınması və Yaxın Şərq probleminin iki dövlət prinsipi ilə həll olunması, bölgədə müharibənin qarşısının alınması və davamlı sülhün təmin olunması baxımından ən etibarlı zəmanət sayılmalıdır".
Səmayə Səftərova