Azərbaycan jurnalistləri digərlərindən geri qalmırdı-Seymur Kazımov

Bölmə: Maraqlı › ,
Tarix: 11:59 15.04.2022

Seymur Kazımov 21.09.1984 tarixində Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr,2007-2009- cu illərində Gürcüstan İctimai İşlər İnstutunun Qafqaz Jurnalistika və media idarəçiliyi məktəbində media təhsili alıb. Hazırda da konfliktşünaslıq üzrə ixtisaslaşıb. Qısa zaman öncə Ukraynaya səfər edən Seymur Kazımov öz təəssüratlarını bizimlə bölüşdü.

     Hər ikisi jurnalistikanın üzərinə düşən məsuliyyətdir...

 Həm qaynar nöqtələrdə işləmək, həm də “news room” da oturub müsahibələr almaq bilavasitə jurnalistikanın üzərinə düşən məsuliyyətdir. Ona görə də hər ikisinə üstünlük verirəm. Təbii ki, münaqişə tipli məqalələrin hazırlanması zamanı da müsahibələr ala bilərsiniz. Müharibələr hər dəfə olmur. Müharibə olmayanda da biz “news room”da, evdə, başqa bir rahat məkanda məqalə yazırıq, müsahibələr götürürük. Sadecə, zaman və məqam məsələsidir. Elə bir an yaranır ki, sən artıq qaynar nöqtədə olmalısan. İmkan düşdükcə həmin qaynar nöqtələrə gedirəm və ordan materiallar hazırlayıram.

    Heç nə əvvəlki kimi deyildi….

 Ukraynaya gedərkən çətinlik çox oldu. Adətən Bakı – Kiyev təyyarəsi 2 saat 40 dəqiqəyə gedir, amma, biz Ukraynaya 18 saata gedib çıxdıq. Mən Kiyev şəhərinə çox səyahət etmişəm və bu şəhəri çox sevirəm. Amma, bu dəfə adət etmədiyim Kiyevi ,yəni, boş küçələr və narahat insanları gördüm. Orada insanlar mübariz olmaqlarına baxmayaraq narahat idilər. O cümlədən digər 3 şəhərində(Odessa, Buça, Hostomel). Mən ümumilikdə Ukraynanın 4 şəhərində fəaliyyət göstərdim.

    Yaddaşda qalan unudulmayan görüntülər… 

 Harda müharibə varsa orda mütləq ondan əziyyət çəkən insan, insan faciəsi var. Bütün bunlar insanlara və şəxsən mənə də pis təsir göstərir. Bütün hallarda jurnalist də insandır. Mən bir məqalə yazdım: metroda insanların gecələməsi, insanların metrodan sığınacaq kimi istifadə etməsi ilə bağlı idi. Mən çox sığınacaq görmüşəm, amma, ilk dəfə idi ki, bir metro vaqonundan sığınacaq kimi istifadə olunduğunu görürdüm. O insanlarla birlikdə özüm də orda gecələdim. Düşünürəm ki, bu hadisə mənim yaddaşımda böyük və dərin izlər buraxdı.

    Hər şeyi dəyişən müharibə…

   Fərqli hallarla çox rastlaşdıq.Çünki bir çox maneələr oldu. Bunlardan biri də Ukraynada hərbi rejimin tətbiq olunması idi. Bildiyimiz kimi hərbi rejim zamanı bütün qayda və qanunlar dəyişir. Hər şey güc strukturların əlinə keçir və onlar artıq istədikləri hər şeyə qadağalar tətbiq edə, məhdudiyyətlər qoya bilərlər. Bunlara medianın fəaliyyətidə daxildir.Amma, bütün hallarda biz Ukrayna dövlətinin qoyduğu qayda və qanunlara hörmət etməliyik. Çünki o dövlətin ərazisində fəaliyyət göstəririk. 

   Görməzdən gələ bilinməyəcək fərqlər...

   Təbii ki, biz orada Türkiyədən, Böyük Britaniyadan, İtaliyadan, ABŞ-dan olan jurnalistləri gördük,amma,bilavasitə onlarla ünsiyyətdə olmadıq. Onlar iri və varlı media korperasiyalarıdır. Ona görə də onlar üçün maddi və texniki baxımdan yaradılmış şərait Azərbaycan jurnalistlərində yox idi. Amma, mən deməzdim ki, Azərbaycan jurnalistləri onlardan zəif işlədi. Əksinə, onlara yaradılmış şəraitin 50 faizi biz də olsa idi, biz daha böyük işlər görə bilərdik. Bütün hallarda Azərbaycan jurnalistləri olaraq çalışdıq ki, əlimizdəki imkanlardan maksimum dərəcədə istifadə edərək Azərbaycan auditoriyasına Ukraynada baş verən hadislər haqqında ətraflı informasiya verək.

  Jurnalist robot deyil,insandır…

 Təbii ki, çox böyük təcrübələr olur. Ən azından siz müharibə zonasına gedirsiniz. Bir insan kimi həyat təcrübəniz və özünüzə inamınız daha da artır . Nəzərə alsaq ki, Ukraynada təhlükəsiz yer yoxdur. Yəni, bütün şəhərlər, vilayətlər potensial təhlükə mənbəyidir. Soruşa bilərsiniz ki, bəs qorxmursunuz? Təbii ki, qorxuruq robot deyilik, insanıq. Bununla bərabər hara getdiyimizi də bilirdik.Yəni, psixoloji cəhətdən buna hazır idik. Buna görə də hansısa psixoloji gərginliklə rastlaşmadıq. Amma bu elə bir şeydir ki, Post Travmatik Stress pozuntusu (PTSP) bu həmin an özünü göstərmir,amma, bir müddət keçdikdən sonra onun hansısa fəsadları üzə çıxa bilər. Ümid edirik ki, çıxmasın. Bütün hallarda buna da hazırıq. Çünki üzərimizdə illərin bir təcrübəsi var və bu tip hallara qarşı necə mübarizə aparmalı olduğumuzu da yaxşı bilirik.

  Ailəm hər şeydən önəmlidir…

 Çox şükür ailəmdə heç bir problem yox idi. Amma, məhz ailəmə (həyat yoldaşım və övladlarıma) görə qayıtdım. Onlar narahat idi. Düzdü, övladlarım balacadır deyə harda olduğumu bilmirdilər. Amma, həyat yoldaşım çox narahat idi. Baxmayaraq ki, o heç vaxt mənim bu tip zonalarda fəaliyyətimə müdaxilə etməyib, əksinə hər zaman dəstək olub. Hətta Ukraynaya getmək üçün bileti birlikdə aldıq. Amma, hiss edirdim ki, narahatdır . Mən 10 gün Ukraynada qaldım və 10 gün ərzində 10 material hazırladım. Etiraf edim ki, daha çox qalıb daha çox iş görə bilərdim. Amma, ailəm mənimçün hər şeydən üstündür. Sabah mən vəzifəmi də, peşəmi də dəyişib başqa işlə məşğul ola bilərəm. 

    Ömrüm boyu mən münaqişə zonalarına getməyəcəm ki….

 Amma, ailə elə bir varlıqdır ki, mənim üçün o həmişə (hara getsəm də, hansı işdə çalışsam da) mənimlə olacaq. Ona görə təbii ki, bu tip zonalarda çalışan jurnalistlər birinci özlərini düşünməlidirlər. İkincisi də ailəsini elə bir formada qoyub gəlməlidir ki, gözü arxada qalmasın. Çox şükür mən də belə bir problem yox idi. Amma, hiss edirdim ki, narahatlıq, nigaranlıq var. Buna görə də çox qala bilmədim Ukraynada.

  Bəzən peşəkarlıq bəs etmir, daha yaxşı şərait yaradılmalıdır….

  Təbii ki, qibtə edirsən. Baxırsan beynəlxalq jurnalistlərə media qurumları özləri onlar üçün xüsusi maşın ayırıblar, texnikaları ən yüksək səviyyədədir, yaxşı iş şəraiti qurublar, hətta onlara əlavə mühafizə xidməti veriblər. Amma, biz gah metroda , gah başqa sığınacaqda gecələyirdik, onlar kimi qidalanmırdıq. Eyni zamanda biz bu seçimi özümüz etmişdik. Çünki bu seçim bizə insanları daha yaxından görüb anlamağa böyük kömək etdi. Məsələn, mən gecəni metroda keçirməsydim o məqaləni heç vaxt yaza bilməzdim və bir o qədər də təsirli alınmaya bilərdi. Yəni , biz həmişə çalışırdıq ki, ütülü və səthi yerlərə getməyək. Daha çətin yerlərə gedək və qismən də olsa buna nail olduq. Ümid edirəm ki, gələcəkdə Azərbaycan jurnalistlərinə də bu cür yüksək səviyyədə şərait və imkan yaradılar. Çünki bizim jurnalistlərimiz kifayət qədər peşəkardır. Təəssüf ki, şəraitləri yoxdur.

Müəllif: Nərgiz Abbasova