Çətin anlarda necə ümidli qalaq? Ekspert-psixoloqdan 9 effektiv üsul

Bölmə: Maraqlı › ,
Tarix: 22:39 01.03.2023

Necə ki doğulub-doğulmamağa özümüz qərar vermirik, eyni qaydada istəməsək də həyatımız boyunca xoşagəlməz hadisələrlə qarşılaşırıq. Həll yolu isə gerçəklərlə üzləşmək və həmişə ümidli olmaqdır. Eyni zamanda bədbəxtlik üçün bəhanələr axtaran insanlardan uzaq olmaq, bu mümkün deyilsə, onlara fikir verməmək! Ekspert-psixoloq Esra Ezmeci izah edir...

 

Ümidli olmaq – həyatda heç nəyin yolunda getmədiyi, dünya gözünə qaranlıq göründüyü zamanlarda az da olsa gülümsəməyi xatırladan o duyğudur. Son zamanlarda yaşanılan pandemiya, iqtisadi böhran, xəstəliklər, işsizlik, yaşamaq uğrunda mübarizə, zəlzələ, insan itkisi... Bu cür neqativ halların sayı o qədər çoxdur ki, əksəriyyətimiz sanki xoş hissləri və ümidi itirmişik. Eyni zamanda bütün bunların keçib gedəcəyinə, gözəl günlərin gələcəyinə də ümidimiz var. Ümidli olmağın ən əsas sirri bu gün heç nəyin yolunda getmədiyinə baxmayaraq, gələcəyin daha yaxşı olacağına inanmaqdır. Bəs çətin şərtlərdə ümidli olmaq üçün nələr etməliyik?

 

1- Sahib olduqlarına görə şükür et

Mənfi emosiyalar və düşüncələrlə mübarizə, minnətdar olmaq, əlində olanı qiymətləndirmək özünü daha yaxşı hiss etməyin ən vacib şərtlərindən biridir. Ailəniz, dostlarınız, yaşadığınız ev, yeni günə oyanmaq... Şükr etmək sizə hansı yolla daha yaxşı hiss etdirirsə, o yolu seçin. İstər namazla, istər meditasiya ilə, istər də yazdığınız bir yazı ilə... Bunun təsirini tezliklə görəcəksiniz.

 

2- Duyğularınızla üzləşin

Ümidli olmaq bütün neqativ emosiyalara məhəl qoymamaq, onları boğmaq və heç olmamış kimi davranmaq deyil. Özünüzə və hisslərinizə mərhəmət göstərin. Onları yaşamağa və hiss etməyə özünüzə vaxt verin. Yaşadığınız hiss nə olursa olsun, o anda yaşayın. Ağlamaq istəyirsinizsə, o an bu duyğunu yaşayın və duyğularınızı olduğu kimi ifadə etməkdən həzz alın. Çətin duyğuların öhdəsindən gəlməyin ən vacib şərti o anı olduğu kimi yaşamaqdır.

 

3- Yavaşlayın, anda qalın

Həyat o qədər sürətlə axır ki bəzən o ritmə bağlanırıq. Sanki həyatımız nəzarətimizdən çıxıb xaosa çevrilib. Çətin bir dövrdən keçən zaman anda qalmağa, düşündüyünüz və hiss etdiyiniz şeylərə fokuslanmağa çalışın. Bu, sizə mənfi təsir edən düşüncələri idarə etməyə, müsbət xatirələri sahiblənməyə və özünüzü daha yaxşı hiss etməyinizə kömək olacaq. Əgər anda qalmaq, yavaşlamaq, daxili dünyanıza qayıtmaq sizin üçün çox çətin və yaddırsa, meditasiya və nəfəs məşqləri bu məqamda işinizə yaraya bilər.

 

 

4-Sizə müsbət təsir edən insanlarla ünsiyyət qurun

Hamının həyatında Polyanna dediyimiz, pis hadisələrdən müsbət nəticələr çıxarmağı bacaran ən az bir insan var. Eyni zamanda hər məsələdə mənfilik axtaran və enerjisi pis olan insanların olduğu kimi... Şükr etməyi bilməyən, daima şikayətlənən və hər şeyə bədbin baxan bir insanın hər zaman ətrafında olması ümid duyğusunun itməsinə səbəb ola bilər. Buna görə də sizi ümidli hiss etdirən insanların ətrafınızda olmasına çalışın.

 

5-Həyata baxışınızı yeniləyin

Artıq baş vermiş hadisəni nə ləğv edə, nə də dəyişdirə bilərik. Amma həmin hadisə ilə bağlı düşüncələrinizi və duyğularınızı dəyişdirə bilərsiniz. Həyatda bizi üzən bir hadisə ilə qarşılaşdığımız zaman nə edək? "Niyə bu pis şeylər mənim başıma gəlir, həmişə mənfiliklərlə qarşılaşıram?" kimi düşünmək yerinə "Bunun başıma gəlməsinə səbəb nə ola bilər?" kimi sualını özümüzə verməliyik. Bu metod pis hadisələrdən dərs almağa və özümüzü təkmilləşdirməyə imkan verir. Mənfi düşüncələrlə nə qədər çox mübarizə aparsaq, həyatımızda da bir o qədər ümid yaranar.

 

6- Pis xəbərlərdən uzaq durun

Təbii ki, yaşadığımız texnologiya əsrində bu, çox çətindir. Amma mümkünsüz də deyil. Bir neçə gün televiziya və sosial mediadan uzaq durun. Xəbər ala biləcəyiniz mənbələri məhdudlaşdırın. Bu xəbərləri izləyəcəyiniz platformalar yerinə sizin üçün daha yaxşı olacaq səhifələrə nəzər yetirin. Pis xəbərlərə nə qədər az məruz qalsanız, müsbət düşüncə və hisslərinizdə də bir o qədər yüksəliş olacaq.

 

7- Gələcək planlarınızı xatırlayın

Ümidli olmağın ən yaxşı yollarından biri gələcəkdə nə etmək istədiyinizi özünüzə xatırlatmaqdır. İş həyatınızda hansı yenilikləri etmək istərdiniz? Hara səyahət etməyi xəyal edirsiniz? Gələcək üçün hansı işləri planlaşdırırsınız? Gələcəklə bağlı planlar həmişə həm ümidverici, həm də həyəcanvericidir. Bu hisslər insana həyatda baş verən pis hadisələrin müvəqqəti olduğunu düşündürür və xoş  günlərin gələcəyinə ümid aşılayır.

 

8- Özünüzə diqqət edin

Çətin dövrlərdən keçərkən özünüzə həmişəkindən daha çox diqqət yetirin. Bu dövrdə sizi daha yaxşı yaxşı hiss etdirən, dinclik verən və motivasiya edən fəaliyyətlərə üstünlük verin. Çünki bu cür davranma müsbət duyğularınızın artmasına və mənfi düşüncələrinizin azalmasına səbəb olur.

 

9- Vəziyyətdən çıxa bilmirsinizsə peşəkar dəstəyi alın

Həyatdakı bütün çətinlikləri tək başına həll etməyə məcbur deyilsiniz. Yalnızlıq bəzən insanı çox zəif hiss etdirə bilər. Ailənizdən, dostlarınızdan və yaxınlarınızdan dəstək istəməyə çalışın. Bunlar kifayət etmirsə, bir peşəkara üz tutun. Bəzən yaşadıqlarımız nəzarətimizdən kənarda baş verir. Buna görə də ən vacib məsələ nəzarət edə biləcəklərimizə diqqət yetirməkdir.

 

Çin atalar sözü: “Tanrım, mənə dəyişdirə biləcəklərimi dəyişdirmə gücü, dəyişdirə bilmədiklərimi qəbuletmə gücü ver”.

 

Müəllif: Nuray Qədirli